10 İyun 2020 14:23
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin əvvəlindən başlayaraq dünyada cərəyan edən və fevral ayından ölkəmizdə də yayılmağa başlayan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlət tərəfindən ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlər görülüb, karantin rejimi tətbiq olunub. Bu dövr ərzində epidemiyanın Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə dövlət başçısının tapşırıqlarına uyğun olaraq bütün sahələr və istiqamətlər üzrə lazımi tədbirlər həyata keçirilib.

Bu sözləri Teleqraf.com-a açıqlamasında bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq aylardır ayrı-ayrı dövlətlərlə təmasların minimallaşdırılması və ya ümumiyyətlə, dayandırılması, ölkə daxilində ictimai həyata və davranışa sərt məhdudiyyətlərin tətbiq edilməsi bir çox ölkələr üçün səciyyəvi hal alıb.

Deputat vurğulayıb ki, vətəndaşların sağlam həyat şəraitinin, təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün də ən vacib və prioritet məsələdir: "Ölkəmiz öz vətəndaşlarının bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. ÜST-ün ekspertlərinin də qeyd etdiyi kimi Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir".

Anar Məmmədov söyləyib ki, Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirir.

Onun fikrincə, fevralın əvvəlindən reallaşdırılan tədbirlər infeksiyanın xaricdən idxalını məhdudlaşdırmaq və onun ölkə daxilində yayılmasının qarşısını almaq məqsədi daşıyır: "Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəlişin dayandırılması, karantin rejiminin tətbiqi və digər addımlar, eyni zamanda 2 gün bundan öncə ölkədə sərt karantin rejiminin tətbiqi hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan verir. Bildiyimiz kimi 2 gün ölkəmizdə bütün hərəkət tam məhdudlaşdı. Birinci gündən isə normal rejim bərpa olunub. Buna baxmayaraq vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi yenə də vacib amillərdən biridir. Məsafənin saxlanması, maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalar önəmlidir. Bu gündən etibarən "Mall"ara və digər mağazalara yenə insan axını olacaq. Təəssüf ki, vətəndaşlar arasında maskasız olanlar və ara məsafəsini gözləməyənlər də çoxdur. Bütün bunlara əməl etmək ilk növbədə onların özləri, ailələri və ətrafdakıların təhlükəsizliyi üçün vacibdir”.

A.Məmmədov diqqətə çatdırıb ki, bu gün hər bir vətəndaş ölkə başçısı İlham Əliyevin Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsini özünə nümunə götürməli, öz şəxsi məsuliyyətini hiss etməli, sosial izolyasiya tədbirlərinə və Operativ Qərargahın digər tələb və tövsiyələrinə riayət etməlidir: "Çünki tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə böyük məsuliyyət qoyur".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər