Azərbaycanda sərt karantin rejimini pozan vətəndaşlar polisin yazdığı cəriməni ödəməlidir, əgər ödəməsə həmin şəxs ictimai işlərə cəlb oluna bilər.
Bu barədə Teleqraf.com-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Kamran Əliyevin sözlərinə görə, vətəndaşların cərimələri ödəməsi qanuna uyğun həyata keçirilir: “Kim ödəmirsə, məcburi icraya yönləndirilir. Həmin şəxslər barəsində üç ayın tamamında ictimai işlərə cəlb olunmaqla 168 saatdan 200 saata qədər məhkəmə qərarı çıxarıla bilər.
Sonuncu sərtləşdirilmiş karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib".
Kamran Əliyev narıncı zonadan yaşıl zonaya keçən şəxslərlə bağlı bildirib ki, vətəndaşlar tələb olunan qaydalara əməl etməlidirlər. Onun sözlərinə görə, paytaxtdan çıxarkən qayıtmamaq şərti ilə gedənlər də var: “Deyirlər ki, qayıtmayacayıq, evimiz oradadır. Amma sonradan geri qayıdırlar. Bununla bağlı da sərt tədbirlər görüləcək. İcazə portalına adları daxil edilmiş şəxslər bundan sui-istifadə etməməlidir”.
Kamran Əliyev qeyd edib ki, Bakı sakinləri, hətta dövlət orqanlarında xidmət edən şəxslər digər rayonlara ezamiyyət vərəqəsi əsasında gedə bilərlər: “Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeron rayonunda tətbiq olunan giriş-çıxış məhdudiyyəti karantin rejiminin sonunadək qüvvədədir. Sakinlər bu əraziləri icazə əsasında tərk edə bilərlər. Şirkətdə, digər müəssisələrdə işləyən və rayon qeydiyyatı olan şəxslərə icazə verilmişdi ki, gəlib Bakıda fəaliyyət göstərsinlər. Həmin şəxslərə tapşırılıb ki, qeydiyyatın rayon yerində olmasından asılı olmayaraq, Bakı ərazisini tərk etməsinlər, çünki getsələr geri buraxılmayacaqlar”.
Kamran Əliyev rayonlara gedənlərə, onların qohumlarına tövsiyələri olduğunu bildirib: “Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonundan bu iki gündə gedən şəxslərə demək istəyirik ki, qonaq gəlibsə, həmin şəxslər çalışsınlar ki, özlərini digər ətrafdakı insanlardan bir qədər təcriddə saxlasınlar. Ola bilsin, bu şəxslərin özlərində virus var, evinə getdikləri həmin ailəni də iki gün ərzində virusa yoluxdurub. Evində qonaq olan şəxslər infeksiyanı digər şəxslərə yaymamaq üçün digər şəxslərlə təmasda olmasınlar. Heç olmasa mütəxəssislərin qeyd etdikləri 14 gün ərzində özlərini təcrid etsinlər.
Başa düşsünlər ki, narıncı zonadan evlərinə qonaq gəlmiş şəxslər olub, həmin rayon sakinləri ən azı digər şəxslərlə təmasda olmasınlar ki, özlərinə belə bir infeksiya yoluxubsa, kəndin digər əhalisinə yoluxdurmasınlar”.
Kamran Əliyev bildirib ki, bu həftə sərtləşdirilmiş karantin rejimi ilə bağlı Nazirlər Kabinetinin qərarı yoxdur. Onun sözlərinə görə, karantin rejimi narıncı zonada sərtləşdirilsə, bununla bağlı tədbir açıqlanacaq.
Bildirilib ki, həftə sonu sərt karantin qaydalarını pozaraq torpaq yollardan istifadə edərək rayonlara gedən sürücülər cərimə olunacaqlar.
Magistrallardan torpaq yollara girən sürücülər xüsusi texniki vasitələrin köməyi ilə aşkar ediləcək və inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.