Koronavirusa qarşı mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Dövlət tərəfindən görülən bütün tədbirlər şübhəsiz ki, xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, millət vəkili Sevinc Fətəliyeva deyib.
Millət vəkilinin sözlərinə görə, cənab Prezident bir daha bu məsələyə toxundu ki, Azərbaycanda görülən işlər, dövlətin bu istiqamətdə qarşıya qoyduğu məqsədlər yalnız Azərbaycan vətəndaşlarının pandemiyadan zərər çəkməməsinə və minimum insan itkisinə hesablanıb.
S.Fətəliyeva bildirib ki, koronavirus infeksiyası ilə mübarizə tədbirləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir.
“Pandemiyanın Azərbaycanda təsirləri hiss olunan dövrdən başlayaraq bu istiqamətdə görülən işlərə dövlətin münasibəti dəyişməzdir. Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə aydınlıq gətirdi və həkimlərimizin fədakarlığını xüsusi vurğuladı. Cənab Prezident qeyd etdi ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı söylədi ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalardan istifadə etməli, sosial məsafəni gözləməliyik. Ən əsası hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik. Koronavirusla mübarizədə bizim başlıca şüarımız “Biz birlikdə güclüyük” ifadəsidir. Şübhəsiz ki, biz birikdə, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, milli həmrəyliyimizlə koronavirus pandemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə məsuliyyətli olmalıyıq. Bu istiqamətdə ictimaiyyət dövlətə güclü dəstək verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur” - deyə, S.Fətəliyeva vurğulayıb.