21 İyul 2020 10:44
1 426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus bəlası ölkəmizə gələn gündən həyatımızı 180 dərəcə dəyişdi desək, yalan olmaz. Virus insanların səhhətinə təhlükə yaratmaqla yanaşı, maddi-mənəvi problemlərə də yol açdı. Martın 19-dan ölkəmizdə sərt karantin rejimi tətbiq olunur. Xüsusi karantin rejimi may ayında yumşaldılsa da, sanitar-epidemioloji göstəricilər səbəbindən yenidən əvvəlki qaydalara qayıtmalı olduq. Ancaq iyulun 20-dən yeni yumşalma addımları atıldı. Beləliklə, bərbərxana və gözəllik salonları işə başladı.

Teleqraf.com-un əməkdaşları Bakıda fəaliyyət göstərən bərbərxanaların birinə gedib, iş şərati ilə tanış olub.

Bərbərbərxanaya daxil olduğumuz zaman bərbər köməkçisi əllərimizə dezinfeksiyaedici məhlul vurdu. Nəzərə alsaq ki, virusdan qorunmağın əsas şərtlərindən biri gigiyena qaydalarına əməl etməkdir, bu addım bizi sevindirdi.

Uzunmüddətli fasilədən sonra bərbərxana açıldığı üçün müştərilər növbə gözləyirdi.

Bərbər Elməddin Məstəli deyir ki, qaydaların yumşaldılması onlardan çox müştəriləri sevindirib: “Pandemiya dövründə işsiz qalmaq bizim üçün də çətinliklərə səbəb oldu. Qərar açıqlandığı gündən müştərilər zəng edib mesaj yazır, növbə tutmağa çalışırdılar. Bu gün növbəlilik əsasında 17 müştəri qəbul etmişik”.

Usta iş başında olarkən, bərbərxanada təmizliyə nəzarətin necə aparıldığına diqqət yetirdik. Bərbər iş zamanı maska və əlcəkdən istifadə etməklə, hər müştəriyə görə əlcəklərini dəyişdirirdi: “Salonda sosial məsafənin qorunması bizim üçün əsas şərtlərdən biridir. Müştərilərlə bacardığımız qədər onlayn əlaqə saxlayır, növbə sistemi tərtib edirik. Bu gün xəbərsiz gələn 2-3 müştəri olub. Ən əsası, salona gələn hər kəsdən maska taxmağı tələb edirik. Girişdə məhlulla əllərini dezinfeksiya etdikdən sonra içəri daxil olurlar”.

İş prosesində diqqət etdiyimiz məqamlardan biri də dəsmallardan istifadə oldu. Usta deyir ki, müştərilərin sağlamlığı onlar üçün çox vacibdir: “Hər dəsmaldan yalnız bir müştəri üçün istifadə edirik. Günün sonunda bu dəsmallar qaynadılaraq yuyulub ütülənəcək, sonra istifadə ediləcək”.

Uzun müddət işsiz qalsa da, qiymətlərin artırılmayacağını deyən bərbər Elməddin Məstəlinin sözlərinə insansaq, onlar üçün əsas məsələ müştəri məmnunluğudur: “İndiki məqamda qiymət qaldırmaq insafsızlıq olar. Əksər sahələrdə iş prosesi dayanıb. Buna görə də əvvəlki qaydada işləməyə davam edəcəyik”.

Foto: Pərviz Həşimi


Müəllif: Aysel Azad

Oxşar xəbərlər