25 İyul 2020 09:05
2 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin əvvəlindən mübarizə apardığımız görünməz düşmən COVID-19 hələ ki, bizimlə vidalaşmaq istəmir. Vaxtaşırı virusa qarşı vaksin hazırlandığı, sınaqdan keçirildiyi xəbərləri yayılsa da, onun tətbiqi barədə ziddiyyətli fikirlər var. Maraqlıdır, vaksin nə zaman hazırlana və tətbiq oluna bilər? Peyvənd hesabına koronavirus təhlükəsindən nə vaxt xilas ola biləcəyik?

İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova mövzu ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Rusiya koronavirusa qarşı peyvənd hazırladığını bəyan etdikdən sonra ardınca dünyanın müxtəlif ünvanlarından da oxşar bəyanatlar verildi. Peyvəndin hazırlanmasında məsələ nə yerdədi? Rusiya doğrudan da digər ölkələri qabaqlayırmı?

- Peyvəndin hazırlanmağa başlanması koronavirus yayıldığı dövrdən var. Peyvənd elə bir şey deyil ki, bir günə kəşf olunsun. Təkcə Rusiya, Amerika yox, bir neçə dövlət peyvəndin tapılması üzərində iş aparır. Fərqi yoxdur, koronavirus yox, başqa infeksiya olsun, peyvənd hazırlanmasına 12-18 ay vaxt tələb olunur. Çünki o, insanlar üzərində sınaqdan keçirilir.

Koronavirus yayıldığı zamandan həm virus əleyhinə dərmanların tapılması, həm də peyvəndin hazırlanması ilə bağlı iş başlandı. Amerikada bəzi peyvənd növləri tapıldı, sınaqlar keçirildi. Rusiyada aparılan sınaqlarda isə daha pozitiv nəticələr var.

Lakin bu, bir günə-üç günə xəstə üzərində sınaq aparılmaqla başa çatdırılan bir şey deyil. Onun müddəti və sınaq sayı var. Sınaq aparılan insanlarda nə dərəcədə effekt verib-vermədiyini gözləmək üçün zaman keçməlidir. Nəzərə alsaq ki, koronavirus 6-7 aydır yayılıb, tam mütəşəkkil peyvəndin tapılmasına təxminən 6 ay müddət qalıb. 6-8 ay müddətində peyvənd tam hazır olacaq.

Rusiyada tapılan peyvəndin sınaqlarında müsbət nəticələrin əldə olunması o demək deyil ki, sabah onun tətbiqinə başlamaq olar. Təqribən 12-18 ay gərəkdir, onun da 6 ayını geridə qoymuşuq, qarşıdakı 6 ay ərzində mütəşəkkil bir peyvənd hazır ola bilər.

- Sizcə, ölkələrin peyvənd tapmaq barədə tez-tez xəbər yayması yarış xarakteri daşımır ki?

- Hər bir ölkə istəyər ki, dünyanı narahat edən məsələnin həlli onun çiynində olsun, bu, həmin dövlət üçün bir fəxrdir. Bu, pozitiv yarışdır. Hər kəs özü dünyanın xilaskarı olmaq istəyir. Kaş, bütün yarışlar belə olsun. Peyvəndi hansı ölkənin tapmasının fərqi yoxdur, təki xilas eləsin.

Fikrimcə, gələn ilin yanvar-fevral aylarında dünya üzrə vaksinin tətbiqinə başlanıla bilər.

- Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) vaksinin gələn ildən tez hazır olmayacağını deyir. Bu məsələdə ÜST-ün ayrı-ayrı ölkələrlə fikir ayrılığı nədən qaynaqlanır?

- Peyvəndin tapılması ifadəsi yanlışdır. Peyvənd tapılması deyə bir şey yoxdur, peyvənd üzərində iş ilk gündən başlayıb.

Peyvənd istənilən infeksiyanın elə bir dozasıdır ki, o dozanı insan bədəninə yeridirlər. Bu zaman orqanizmdə yaddaş və immunitet hüceyrələri yaranır. Bundan sonra peyvənd vurulmuş insan xəstəliklə qarşılaşsa belə, yoluxmur.

- Dünyada 8 milyarda yaxın əhali var. Necə düşünürsüz, vaksin hamıya əlçatan olacaqmı?

- Əlbəttə, hər kəsə çatacaq. Necə ki, digər infeksiyalar üçün vaksinasiya var. Vaksinlərin istehsalı, ölkələrə çatdırılması, tətbiqi qaydası mövcuddu, eyni şəkildə bu, koronavirusa tətbiq olunacaq. Ola bilər ki, ilk vaxtlar qiyməti yüksək olsun. Lakin sonra qiymət də düşəcək. İstehsal dünya əhalisinin sayına uyğun aparılacaq.

- Azərbaycan üçün hansı ölkədən vaksin almaq sərfəli olar?

- Bunu demək üçün çox tezdir. Çünki ilk olaraq hansı ölkənin vaksininin dünya bazarına çıxacağı bəlli deyil. İstənilən halda, hansı ölkəistehsal edir-etsin, ÜST-ün müəyyən tənzimlənməsi lazım gələcək. Fərqi yoxdur, vaksini ilk olaraq kim satışa çıxardı.

Dediyim kimi, vaksinin çox bahalı olacağını düşünmürəm. Hətta ola bilər, iynə şəklində yox, plastır şəklində rahat tətbiq edilən vaksin olsun.

- Tələsik vaksin vurmağın faydası olarmı?

- Vaksinasiyanın tətbiqi qaydası var. İstənilən infeksiyanı vaksinasiya etməzdən əvvəl pasient analiz verməli, xəstəliyi olub-olmamasını yoxlatmalıdır. Bəlkə insan yoluxub, sağalıb, heç onun vaksinasiyaya ehtiyacı yoxdur?

Xəstəliyə yoluxmayan insanlara vaksin vurulur, xəstələnməsin və ya onu yüngül keçirsin.

- Peyvənd tapıldıqda müəyyən riks qrupuna tətbiqi daha doğru olmazmı?

- Bu haqda danışmaq hələ tezdir. İstənilən halda peyvəndin tətbiqi müəyyən ardıcıllıqla həyata keçiriləcək. Əlbəttə, risk qrupunda olan xəstələri yəqin ki, nəzərə alacaqlar.

- Professor Adil Qeybulla hesab edir ki, virus payızda özü-özünə yox olacaq. Sizin bu fikrə münasibətiniz necədir?

- Bu tip şərhləri yersiz hesab edirəm. Çünki virusun mənşəyi haqqında məlumatı olan hər kəs bilir ki, onun əsas yayılma səbəbi insandır. Xarici faktorların bu virusu artırıb-azaltmaqda heç bir rolu yoxdur. Əksinə, bütün qrip virusları günəş şüaları altında məhv olur, isti vaxtlarda yoxa çıxırdısa, koronavirusda bu baş vermədi. Nə soyuq, nə isti, heç bir təbiət hadisəsinin koronavirusun məhvinə təsiri olacağını düşünmürəm.

Əsas yoluxma səbəbi insandır, virus xəstə insandan sağlama ötürülür. Sosial izolyasiya, karantin rejiminin tətbiq olunma səbəbi də elə budur. Hazırda dərmanın tapılmasına, vaksinin tətbiqinə qədər karantin rejiminə riayət etmək və sosial məsafəni saxlamaqdan başqa bir çarəmiz yoxdur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər