Bakı şəhərində görkəmli sənətkar, SSRİ Xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirillik musiqi məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışdan öncə nazir Əbülfəs Qarayev məktəb binası qarşısında Müslüm Maqomayevin xatirə lövhəsi qarşısına əklil qoyub.
Mərasimdə çıxış edən nazir dahi sənətkarın adının əbədiləşdirildiyi musiqi məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtımızda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib:
"Hörmətli prezidentimizin Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncamına əsasən bu məktəbə böyük musiqiçinin adı verilib. Məktəbin təmiri ilə bağlı dövlət vəsait ayırdı və demək olar ki, tədris ocağı tamamilə yenidən qurulub".
Nazir ümidvar olduğunu bildirdi ki, 26 nömrəli onbirillik musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcək.
Müslüm Maqomayevin ölməz sənətinin, yaratdığı bənzərsiz musiqilərinin onların sədası ilə yetişəcək nəsillərin sayəsində daim yaşayacağını deyən nazir dahi sənətkarın ruhunun, vətənə məhəbbətinin, sənətə sonsuz sevgisinin bu məktəbin şagirdlərinə daim aşılanacağına, o mühitin formalaşdırılacağına inamını ifadə edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov görkəmli sənətkarın adını daşıyan məktəbin əsaslı təmir-bərpadan sonra açılışının rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirdi, bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyib.
Müslüm Maqomayevin yaxın dostu, Xalq artisti, kinorejissor Eldar Quliyev sənətkarın Azərbaycan sevgisindən və bu sevginin musiqilərdə təcəssümündən danışıb.
Sonra qonaqlar binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, 1978-ci ildən fəaliyyət göstərən məktəbdə fortepiano, violin, fleyta, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qarmon, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır.
İlhamə