12 Oktyabr 2014 06:13
1 477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında yeni kənd mərkəzlərinin tikintisi sürətlə davam etdirilir. Bu çərçivədə Naxçıvan şəhərinin Qaraçuq kəndində yeni kənd mərkəzi ilə yanaşı, məktəb binası və həkim ambulatoriyası da inşa edilir.

Teleqraf.com xəbər verir ki, kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Müasir tipli layihə əsasında inşa edilən binada bir çox işlər başa çatdırılıb. Mərkəzdə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı, klub, kitabxana, polis sahə və baytarlıq məntəqələri fəaliyyət göstərəcək. Həmçinin kənddə rabitə evi və poçt bölməsi də yaradılacaqdır.

Kənddəki mövcud məktəb binasının müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq müasir tipli layihə əsasında yeni məktəb binası inşa olunur. Məktəbin yeni binasının layihəsində yaşayış məntəqəsinin perspektivi nəzərə alınıb. Yeni bina 630 şagird yerlikdir. Müəllim və şagirdlərin ixtiyarına 38 sinif otağı, 4 elektron lövhəli sinif və 4 kompyuter sinfi, hərbi kabinə, kitabxana, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı veriləcək. Tikintiyə kifayət qədər texnika və işçi qüvvəsi cəlb edilib. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verib.

Orta məktəb binası ilə yanaşı, inşa edilən digər obyekt musiqi məktəbi üçün nəzərdə tutulub. Bu təhsil ocağında 18 sinif otağı, iclas zalı, solfecio sinfi, musiqi ədəbiyyatı otağı, kitabxana və digər yardımçı otaqlar olacaq. Hər iki məktəbin binası fərdi qazanxana ilə qızdırılacaq. Qaraçuq kəndində daha bir quruculuq tədbiri iki mərtəbədən ibarət həkim ambulatoriyasının inşa edilməsidir. Ambulatoriyada baş həkim, stomatoloq, ginekoloq, terapevt üçün kabinələr, palata, doğuş, peyvənd, müayinə və manipulyasiya, tibb bacısı otaqları, aptek yerləşəcək. Bu səhiyyə müəssisəsində dünyanın aparıcı ölkələrinin istehsalı olan müasir tibbi avadanlıqların quraşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncam ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, cari ilin ötən dövründə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində, Xətai məhəlləsində, kənd yaşayış məntəqələrində böyük həcmdə quruculuq tədbirlərinə start verilib. Bu çərçivədə şəhərin Qaraçuq kəndində aparılan tikinti-quruculuq işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən aparılır.


Müəllif:

Oxşar xəbərlər