Ölkəmiz bu gün pandemiyaya qarşı mübarizədə nümunəvi xarakterə malikdir. İnsanların sağlamlığını üstün tutaraq bütün istiqamətlərdə fundamental tədbirlər həyata keçirən ölkələr sırasındayıq. Məhz bunun nəticəsidir ki, digər ölkələrlə müqayisədə Azərbaycanda koronaya yoluxma aşağı səviyyədədir. Dövlətimizin bu istiqamətdə atdığı addımlar ardıcıl və sistemlı olaraq davam edir. Amma bəzi hallarda mövcud qaydaları və tələbləri pozanlara da rast gəlinir.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, bu gün cəmiyyətimizdə qanunla tənzimlənmiş qaydalara riayət etməyənlər var:
”Bu qaydalara riayət etməyənlər sırasında bu gün yüksək vəzifə tutan, ictimai-siyasi proseslərdə aktiv olan, şəxslər də mövcuddur. Bu şəxslər məhz belə bir addım atmaqla ümumi prinsipləri deyil, müəyyən şəxsi mənafeləri əsas tutaraq qaydalara zidd hərəkətlərə yol veriblər. Həmin toyu təşkil edənlər qanun qarşısında mənəvi məsuliyyət də daşıyırlar:
“Çünki belə halların yol verilməsi qəbul edilmir. Cəmiyyət üçün paralel olaraq pis bir nümunə kimi xarakterizə olunur. Eyni zamanda qanunların pozulması və qanunlara hörmətsizlik kimi bir görüntünün də yaradılmağa çalışılması yol verilməzdir. Məhz bu cür hallarda ictimai-siyasi xadimlərin kifayət qədər nüfuzlu insanların belə bir tədbirləri təşkil etməsi anlaşılan deyil”.
Aydın Hüseynov bildirib ki, cənab Prezident İlham Əliyev hər zaman bu cür qaydalara öz şəxsi nümunəsində bir davranış nümayiş etdirib:
”Hər bir şəxs üçün də bu tələblər örnək olmalıdır. Ulu Öndər Heydər Əliyevin zəkasından yaranan Yeni Azərbaycan Partiyası da qanunçuluğa hər zaman sadiq olub. YAP üzvləri də hər zaman qanunların aliliyi və qaydaların tərəfdarı olduqlarını nümayiş etdiriblər. Məhz bu cür həssas dönəmdə də YAP-ın üzvlərinin aktivliyi və nümunəviliyi göz önündədir”.