Vətəndaş cəmiyyəti, demokratik prinsiplər, dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələr inkişaf edir. Dövlət idarəçiliyinin xalqın istək və gözləntilərinə uyğunlaşması da zərurətə çevrilir. Bu baxımdan ölkənin ikinci şəhəri olan Gəncədə aparılan inzibati islahatlar diqqət çəkir.
Gəncədən seçilən deputat Naqif Həmzəyev Teleqraf.com-a bildirib ki, idarəçiliyin optimallaşması, operativlik və səmərəliliyinin yüksəldilməsi islahatların tərkib hissəsidir: “Müasir inkişaf templəri uyğunlaşmayan, dövlət idarəetmə institutları və oxşar funksiyalı dövlət orqanları ləğv olunur. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca təsirli addımlardır”.
Millət vəkili bildirib ki, bu addımlar bürokratiyaya, dövlət vəsaitlərinə qənaətə də öz təsirini göstərəcək: “İdarəçiliyinin optimallaşması, xidmət sektorunun, ictimai rifahın və məmnunluğun təmin olunması başlıca şərtdir”.
Naqif Həmzəyev vurğulayıb ki, 1980-ci ildə yaradılan Gəncə şəhəri Nizami və Kəpəz rayonlarının ləğvi idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq: “İrəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində aparılan islahatlar yeniliyə və inzibatçılığın azalmasına xidmət edir. İdarəçiliyin mərkəzdən həyata keçirilməsi vətəndaş məmnunluğuna, müraciətlərinə baxılma mexanizmə, problemlərin həllinə imkan yaradacaq. Eyni zamanda paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik kimi neqativ hallar tarixə qovuşacaq”
Parlamentdə Gəncəni təmsil edən Pərvin Kərimzadə də inzibatı islahatların idarəetmənin keyfiyyətinin yüksəlməsinə, vətəndaş məmnunluğuna xidmət etdiyini söyləyib.
Millət vəkili bildirib ki, ölkədə həyata keçirilən islahatlar dövlət idarəçiliyində çevikliyin artırılmasına imkan yaradacaq: “Prezident İlham Əliyevin idarəçilikdə həyata keçirdiyi islahatlar xalqın rifahının yaxşılaşmasına, dövlətin potensialının güclənməsinə yönəlib. İdarəetməni sadələşdirmək, dövlət aparatı ilə vətəndaş arasında münasibətlərin yeni keyfiyyətləri meydana çıxır”.
Pərvin Kərimzadə vurğulayıb ki, Gəncə şəhəri Nizami və Kəpəz rayonlarının ləğvi bağlı seçicilərlə, Gəncə sakinləri ilə müzakirələr aparılır: “İnkişaf etmiş şəhərlərin təcrübəsi də göstərir ki, idarəetmədə vətəndaşların müraciətlərinə baxılma mexanizminin asanlaşdırılması müsbət nəticələr verir. Ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi vətəndaş rahatlığına, məmnunluğuna xidmət edir”.