13 Oktyabr 2014 17:30
2 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ərzində 74 yeni standart dövlət qeydiyyatına alınıb

14 oktyabr 1946-cı il tarixində 25 ölkənin nümayəndələri standartlaşdırma üzrə milli qurumların fəaliyyət güclərinin birləşdirilməsi və işlərinin koordinasiyasını həyata keçirmək üçün yeni təşkilatın yaradılması məqsədilə Londonda toplaşıblar.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) isə rəsmi olaraq bir il sonra fəaliyyətə başlayıb. Bu günün standartlaşdırma günü kimi qeyd edilməsi isə İSO-nun prezidenti Faruk Sunterin (Türkiyə) təşəbbüsü ilə 1970-ci ildən qərara alınıb. Həmin dövrdən bu gün bütün standartlaşdırma üzrə digər qlobal təşkilatlar tərəfindən də qeyd edlir. İSO-ya üzv ölkələrdən başqa Beynəlxalq Elektrotexniki Komisiya (İEC), Beynəlxalq Telekommunikasiya Birliyi (İTU) və başqa təşkilatlar da bu günün qeyd edilməsinə xüsusi önəm verirlər.

İqtisadiyyatın inkişafında standartlaşdırmanın rolu ildən ilə artmaqdadır. Standartlaşdırmanın əsas məqsədləri istehsalın effektivliyinin artırılması, istehlakçılara çatdırılan mal, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi, insan sağlamlığının qorunması istiqamətində təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, ətraf mühitin qorunması və s. ibarətdir.

Hazırda Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla harmonizasiya, beynəlxalq tələblərə cavab verən yeni milli standartların yaradılması və standartlar fondunun genişləndirilməsi, təkmilləşdirilməsi əsas məqsədlərdəndir. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq respublikada tətbiq edilən milli standartların Avropa standartlarına uyğunlaşdırılması prosesi uğurla davam etdirilir. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişafı və tənzimlənməsi standartlaşdırma, akkreditasiya, sertifikatlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi fəaliyyət istiqamətləri vasitəsilə həyata keçirilir.
Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi istiqamətində Prezidentin 10 yanvar 2014-cü il tarixli 212 nömrəli Sərəncamı ilə 2014-сü il Azərbaycanda “Sənaye ili” elan edilməsi ilə əlaqədar “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu arasında yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında elektrik kabelləri və plastik borulara tələbləri təyin edən yeni milli standartların hazırlanması üzrə saziş imzalanıb.

Ölkəmizdə standartlaşdırmanın inkişaf etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiq edilməsi istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi İSO, İEC, CEN, CENELEC, MDB üzrə Dövlətlərarası Şura (МГС), Codex Alimentarius Komissiyası və s. bu kimi regional və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Azərbaycan bu təşkilatlarda həm müşahidəçi, tərəfdaş üzv kimi, həm də tam üzv kimi çıxış edir.

Standartlaşdırma sahəsində 2014-cü il ərzində beynəlxalq əməkdaşlıq əlaqələri inkişaf etdirilib, müvafiq tədbirlər həyata keçirilib. Standartlaşdırma üzrə Milli Texniki Komitələrin formalaşdırılması və onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində də bir sıra işlər aparılır. Standartlaşdırma sahəsi üzrə müxtəlif dövlət qurumları və özəl təşkilatlarla birgə yaradılan yeyinti və kənd təsərrüfatı məhsulları, neft-kimya və kimya məhsulları, mebel məhsulları, İKT, turizm və başqa sahələri əhatə edən texniki komitələr fəaliyyət göstərir. Hazırda iqtisadiyyatın digər sahələrini əhatə edən texniki komitələrin yaradılması üzərində işlər gedir.
Cari il ərzində 74 yeni standart dövlət qeydiyyatına alınıb. Bunların sırasında “Qida əlavələri”, "Halal" məhsulların sertifikatlaşdırma qaydaları” və digərlərini göstərmək olar.

Azərbaycanda hazırda 782 milli standart və 23000 dövlətlərarası standart (ГОСТ) qüvvədədir.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər