Pediatr Əli Quliyev influenza qripinə daha çox quşlar və insanlarda rast gəlindiyini qeyd edib.
Teleqraf.com xəbər verir ki, o, 6 ayından sonra hər kəsin peyvənd etdirməli olduğunu bildirib.
“Aspirin istifadə edən uşaqlar qripə yoluxarsa, onlarda ciddi qaraciyər və beyin problemləri yarana bilər. 8 yaşından aşağı uşaqlara daha az dozalı peyvənd vurulur. İlk dəfə yarım doza, bir ay sonra yenidən yarım doza peyvənd vurulur. Ondan sonrakı illərdə tək doza kifayət edir. Qrip peyvəndi ömürlük immunitet yaratmır. Bu mikrob hər il özünü yeniləyir. Odur ki, bu il vurulan peyvənd gələn il sizi xəstəlikdən qorumayacaq.
Bu gün dünyada qrip infeksiyasının xüsusi müalicəsi yoxdur. Virusdan qorunmağın yeganə yolu peyvənddir. Xüsusi risk qrupuna aid olan insanlara peyvənd mütləq şəkildə vurulmalıdır. Bu qrupa 65 yaşdan yuxarı insanlar, 5 yaşdan kiçik uşaqlar, ürək, diabet və xroniki xəstəlikləri olanlar daxildir”, - həkim əlavə edib.