28 Sentyabr 2020 21:26
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

Teleqraf.com Prezidentin saytına istinadən həmin məktubların bəzilərini təqdim edir.

Bakı şəhər sakini Babək Babaşov:

“Cənab Ali Baş Komandan, illərdir gözlədiyimiz və tərəfinizdən verilən bu cəsur qərar üçün Sizə minnətdarlığımı bildirirəm. Hər bir vətənpərvər vətəndaşımız kimi, mən də torpaqlarımızın, dədə-baba yurdumuzun mənfur düşməndən azad olunacağı günləri səbirsizliklə gözləyirdik. Əmin ola bilərsiniz ki, bu şərəfli yolda hamımız Sizin əmrinizdəyik. Torpaqlarımızı tam şəkildə azad edəcəyimiz gün üçün hazırıq. Siz öz üzərinizə düşəni etdiniz, indi növbə bizimdir. Tanrı Sizə xalqımızın və ölkəmizin firavanlığı, Qarabağımızın azad edilməsi uğrunda fəaliyyətinizdə yardımçı olsun. Sizin timsalınızda bütün xalqımızı təbrik edirəm. Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər qardaş Türkiyədə də böyük sevinclə qarşılanır. Türkiyənin Konya şəhərindən Ömər Ulusoy dövlətimizin başçısına yazır:

“Hörmətli cənab Prezident, Sizi və xalqınızı salamlayaraq ölkənizin təcavüzə uğradığı bu günlərdə yanınızda olduğumu, düşmənə layiqli cavab verərək qələbə çalacağınıza əmin olduğumu bildirmək istəyirəm. Biz iki dövlət, bir millətik. Buna görə də ölkənizə gəlib qanımın son damlasına qədər vuruşmağa, qardaşlarıma dəstək verməyə hazıram. Qələbə sevincini bir yerdə yaşamaq arzusu ilə əmrinizi gözlədiyimi bildirirəm”.

Türkiyənin Bursa şəhərindən Dəmirəl Hüseyn yazır:

“Hörmətli cənab Prezident, Vətənin müdafiəsi və düşmənə cavab zərbəsi endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizi təbrik edirəm. Bir türk vətəndaşı olaraq qardaş Azərbaycanın bu çətin günündə ya ön cəbhədə, ya da arxa cəbhədə kömək etmək üçün Sizin əmrinizdəyəm. Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik”.

İsmayıllı rayonundan Qədir Məmmədovun məktubunda deyilir:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xəbərlər Sizin xalqımıza verdiyiniz vədlərə sadiqliyinizin bariz nümunəsidir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi Sizə, öz dövlətinə, öz ordusuna güvənir. Mən də bir Azərbaycan gənci olaraq hər an əlimdə silah ön xətdə vuruşaraq Vətəni azad etməyə hazıram”.

İmişli rayonundan Novruz Hüseynov:

“Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizi tam əmin etmək istəyirəm ki, biz gənclər apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirik, Sizin və Azərbaycan dövlətinin əsgərləri olaraq hər an əmrinizdəyik. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Füzuli rayonundan Sahilə Qurbanova:

“Hörmətli cənab Prezident, mən Qurbanova Sahilə Fuad qızı Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Uzun müddətdən sonra Füzuli rayonunun sakini olaraq sevinc və qürur hissləri keçirirəm. Bunu Siz Ali Baş Komandamıza və güclü Ordumuza borcluyuq. Dağlıq Qarabağda üçrəngli bayrağımızın dalğalanmasını, himnimizin bütün işğal olunmuş rayonlarda səslənməsini bir Azərbaycan vətəndaşı olaraq ürəkdən istəyirəm. Hər an ölkəmizin yanındayıq. Biz birlikdə güclüyük!”.

Türkiyənin Düzce şəhərindən Özkan Abdussamed yazır:

“Hörmətli cənab Prezident, işğalçı ermənilərə qarşı müharibədə azərbaycanlı qardaşlarıma yardımçı olmaq istəyirəm. Əgər ordunuza əsgər lazım olarsa, məni çağırın, həmin anda gələrəm. Şükür Allaha əlim silah tutur, canımda təpər, ürəyimdə Azərbaycana sevgi var. Erməni cəlladlarına qarşı vuruşmaq və qisas almaq mənə nəsib olarsa, özümü çox xoşbəxt hesab edərəm. Yaşasın böyük türk birliyi!”.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Tural Quliyev:

“Hörmətli cənab Prezident, mən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini olaraq doğulduğum ildən Vətən həsrəti ilə yaşayıram. Bu gün mənim doğum günümdə mənə və ailəmə doğulduğum Böyük Mərcanlı kəndini hədiyyə etdiyiniz üçün sevincimizin həddi hüdudu yoxdur. Nəhayət ki, Sizin və ordumuzun şücaətiniz sayəsində bütün Azərbaycanın neçə illərdir ki, həsrətlə gözlədiyi gün gəlib çatmışdır. Yağı düşmən layiqli cəzasını Sizin əmrinizlə almışdır. Mənim doğum günümdə belə şərəfli, ləyaqətli və tarixə düşmüş hədiyyəni bizim ailəyə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, sayənizdə yaxın günlərdə Azərbaycan öz tarixi torpaqlarına tamamilə qovuşacaqdır. Hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın cənab Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu!”.

Lerik rayonundan Cahani Nüsrətzadə:

“Cənab Ali Baş Komandan, son günlər cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri bir daha ruhlandırdı. Sizin uzaqgörən və müdrik qərarlarınızı dəstəkləyirik. Biz Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşib mənfur düşmənlərimizə layiq olduğu yeri göstərməyə hər an hazırıq. Düzgün və uğurlu siyasətiniz xalqımızı xoşbəxt gələcəyə aparır. Cənab Ali Baş Komandan, mən bir gənc olaraq doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazıram. Bunun üçün Sizin əmrinizi gözləyirəm. Hər birimiz əsgərik və Vətən uğrunda döyüşə hər an hazırıq”.

Lerikin daha bir sakini Əlizamin Rzayevin məktubunda deyilir:

“Möhtərəm cənab Prezident, Lerik rayonunda yaşayan bir gənc olaraq bildirmək istəyirəm ki, rayonumuzun bütün gəncləri hər zaman Sizin siyasətinizi dəstəkləyir və bir yumruq kimi ətrafınızda sıx birləşib. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə mənfur qonşularımızı üstələyir, regionun ən güclü dövlətinə çevrilib. Cəbhə xəttində erməni təxribatlarının qarşısının ordumuz tərəfindən uğurla alınması, düşmənə sarsıdıcı zərbələr endirilməsi bunu bir daha sübut edir. Bütün bunlar bizi ruhlandırır. Hər zaman Sizin, şanlı ordumuzun yanındayıq, cənab Ali Baş Komandan. İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün əmrinizi gözləyirik, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımızdan və qanımızdan keçməyə hər an hazırıq”.

Gəncə şəhərindən Xaliq Qurbanov yazır:

“Möhtərəm cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığınız siyasətə və ordumuzun gücünün artırılması ilə bağlı görülən işlərə görə bir vətəndaş olaraq razılığımı bildirmək istəyirəm. Hazırda regionun ən qüdrətli ölkəsi olan Azərbaycan Respublikasını dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Son müsahibələrinizdə erməni tərəfinin sərsəm açıqlamalarına qarşı verdiyiniz tutarlı cavablar və erməni silahlı qüvvələrinə vurulan sarsıdıcı zərbələr xalq arasında bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına dair fikirləri daha da əminləşdirir. Allah Azərbaycanımıza yar olsun! Sizin apardığınız siyasətin dövlətimizin işıqlı gələcəyini təmin edəcəyinə hər bir azərbaycanlı kimi, mən də tam əminəm. Allah xalqımız və dövlətimiz uğrunda sevə-sevə, yorulmadan çalışan, respublikamızı qorumağa çalışan hər birimizin yardımçısı olsun. Allahın amanında olasınız, cənab Prezident!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər