15 Oktyabr 2014 13:49
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Agentliyinin fəaliyyəti necə qiymətləndirilir?

Məlum olduğu kimi, prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb.

Qeyd edək ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi 2004-cü ildə yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin bildirdiyinə görə, qurum kənd təsərrüfatı üzrə beynəlxalq kredit layihələrini koordinasiya edir, həmçinin müvəkkil bankların vasitəsilə güzəştli faizlər üzrə kənd təsərrüfatı kreditləri verir: "Agentliyin funksiyasına dövlət büdcəsindən fermerlərə, sahibkaralara kreditlərin verilməsi daxildir. Agentlik həmçinin kənd təsərrüfatı üzrə beynəlxalq layihələrin idarə olunmasına da nəzarət edir".

Bəs yeni yaradılan Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin funksiyasına nə daxil olacaq və yeni qurumun fəaliyyətində hansı keyfiyyət dəyişikliyi gözlənilir?

3 ay da gözləyək...

M.Hacıyev dedi ki, bu barədə danışmaq hələ tezdir: "Sərəncamda da bu qurumun fəaliyyətə başlaması üçün 3 ay vaxt verilib. Fəaliyyət planı hazırlandıqdan sonra mətbuata məlumat veriləcək".

Onu da bildirək ki, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin şəffaf fəaliyyət göstərməməsi ilə bağlı mətbuatda ara-sıra şikayətlər yer alıb. Hətta ötən ilin noyabrında Hesablama Palatasının KTN yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, "İcraçı Kredit Agentliyi" MMC Bank olmayan Kredit Təşkilatı və "Aqrolizinq" ASC-nin fəaliyyətinin təftiş olunması barədə məlumatlar yayıldı. Amma yoxlamalar zamanı hansı neqativ halların aşkarlanması barədə ictimaiyyətə məlumat verilmədi. Kənd təsərrüfatının inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı təyinat üzrə xərclənməsi hələ də ictimaiyyətə qaranlıqdır.

"Fermerlərdən tələb olunan "şapka"

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin fəaliyyətini qənaətbəxş hesab etmir. V.Məhərrəmov qeyd edib ki, qurumun əsas vəzifələri kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, meliorasiya, su təsərrüfatı, aqrar bölmənin digər sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün kreditlər cəlb etməkdən ibarətdir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, maliyyə qurumları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini təmin etmək də başlıca vəzifələrdəndir: "Agentlik yarandığı vaxtdan bu günə qədər bir sıra beynəlxalq maliyyə qurumlarından, Dünya Bankından, İslam İnkişaf Bankından, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fonddan (İFAD) və digər mənbələrdən külli miqdarda maliyyə vəsaitləri, kreditlər cəlb edərək həmin vəsaitləri kənd təsərrüfatı nazirinin birbaşa göstərişi ilə idarə edib. Agentlik həmin maliyyə vəsaitlərinin kredit kimi kənd təsərrüfatı məhsulu istehsalçılarına və digər müştərilərə verilməsində yalnız vasitəçi, zəmanətçi rolunu oynamaqla kifayətlənmirdi. Eyni zamanda, Agentlik işçiləri öz merkantil maraqlarını üstün tutaraq kredit şərtlərini əvvəlcədən ağırlaşdırdılar. Bir çox hallarda fermerlərdən tələb olunan "şapka", təklif olunan kredit faizini 3-4 dəfə üstələyirdi. Olduqca ağır şərtlərə razılaşan fermerlərin, sahibkarların sonrakı aqibəti çox acınacaqlı olub".

Külli miqdarda maliyyə vəsaiti hansı təyinat üzrə xərclənib?

V.Məhərrəmovun sözlərinə görə, onların əksəriyyəti müflisləşdikdən sonra əmlaklarını sataraq canlarını qurtarmış, bəziləri isə hələ də bu problemi yaşayır: "Agentlik tərəfindən həyata keçirilən layihələr üçün külli miqdarda maliyyə vəsaiti ayrılsa da, ortada kənd təsərrüfatının geriləməsi, deqradasiyaya uğraması faktını görürük. Bu kimi təşkilatların aqrar sahəyə faydası olmadığı göz qabağında olduğu kimi, zərəri də ortadadır".

Ekspert hesab edir ki, belə olan şəraitdə bu qurumun səlahiyyətlərini genişləndirmək, dövlət büdcəsinə heç bir fayda gətirə bilməz: "Külli miqdarda maliyyə resursları lazımi istiqamətə yönəlmir, aqrar sahənin inkişafı adı altında bəzi məmurların həyat şəraitinin ifrat dərəcədə yaxşılaşmasına xidmət edir. Dövlət hesabına bu struktura xeyli miqdarda vəsait ayrılacaq, layihələrin idarə edilməsi təşkil ediləcək, amma əvvəlki nəticələr də göstərir ki, bu kənd təsərrüfatının inkişafına heç bir müsbət təsir göstərməyəcək. Odur ki, yeni sərəncama görə, digər strukturları saxlamağa ehtiyac olsa da, sözügedən strukturun saxlanmasına heç bir ehtiyac yoxdur".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər