25 Oktyabr 00:40
358

Bəzi ölkələrin, o cümlədən Norveçin media qurumları Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirərək dezinformasiyalar yayırlar.

Teleqraf.com xəbər verir ki, bu kimi halların qarşının alınması üçün Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Norveçdə fəaliyyət göstərən CAN diaspor təşkilatının sədri Şervin Nəcəfpurla birgə etiraz bəyanatı hazırlayaq Norveçin Xarici İşlər Nazirliyinə, parlamentinə və Höyrə-hakim partiyasına müraciət edib.

Bəyanatda Norveçin dünyada sülhün və əmin-amanlığın bərqərar olunması uğrunda fəaliyyəti vurğulanaraq deyilir: “Biz qəti inanırıq ki, Norveç Azərbaycan və Ermənistan arasında sülh və barışıq işinə töhfə verə bilər. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun bir neçə neytral tərəfdaşı mövcuddur və biz qəti şəkildə əminik ki, bu üzvlərin bəzilərini daha neytral ölkələr ilə əvəz etmək vaxtı gəlib çatıb”.

Həmçinin bəyanatda pandemiyaya baxmayaraq, Ermənistanın BMT-nin müharibəyə qarşı qlobal çağırışını pozaraq Azərbaycana hücum etdiyi və cəbhə xəttində yenidən təxribatlar törətdiyi bildirilir. Qeyd olunur ki, beynəlxalq ictimaiyyət baş verənlərə diqqət yetirməlidir və Azərbaycana qarşı Ermənistanın təcavüzkar siyasəti beynəlxalq səviyyədə pislənilməlidir.

Bəyanatda Ermənistanın 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi 4 qətnaməyə məhəl qoymadığı diqqətə çatdırılır və bildirilir ki, Azərbaycan Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırıb və münaqişənin sülh yolu ilə həllinə çalışır. Buna baxmayaraq, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribata əl atıb. Ermənistanin təxribatı nəticəsində yüzlərlə evə və mülki obyektlərə ciddi ziyan dəyib, çoxlu sayda ölən və yaralanan dinc sakinlər və hərbçilər var.

Müraciətdə deyilir: “Biz Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini həmişə pisləmişik. Ermənistanın sülh prosesini pozmağa yönəlmiş təxribatçı hərəkətləri bütün dünya üçün zərərlidir. Sizdən xahiş edirik ki, Ermənistanın təcavüzkarlığına və terrorist əməllərinə düzgün qiymət verəsiniz”.

Bəyanata cavab olaraq Norveç Parlamentindən bildirilib ki, bu məktub barəsində qurumun Xarici işlər və Müdafiə komitələrinin bütün millət vəkillərinə məlumat verilib. Bunun nəticəsində diaspor fəalların parlament üzviləri ilə görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub


Müəllif: Teleqraf.com