Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə Əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.
F. Talıbov bildirib ki, qələbəmizin qəhrəmanlarından olan, müharibədə yaralanmış Elçin Sultanovu ziyarət etməyə gedərkən Nazirliyin əməkdaşları onun arzusunun nə olduğunu artıq bilirdilər:
"Atası ilə söhbət zamanı demişdi ki, uşaqlıqdan Elçinin arzusu – öz foto xidmətini yaratmaq olub. Cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb.
Əməkdaşlarımız Elçinlə görüşdülər, ailəsinin sosial vəziyyəti ilə tanış oldular. Və istəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi.
Elçinə lazımı avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edildi. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.
F. Talıbov qeyd edib ki, Nazirlik tərəfindən yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsi də aparılacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.
"Qazi qardaşımıza Allahdan şəfa diləyir və tezliklə ayağa qalxaraq sevdiyi işinə davam etməyi arzulayırıq!".