Yoldaşları arasında utancaqlığı ilə seçilən İbrahimli Kənan Azad oğlunun Qarabağda şücaət göstərəcəyinə bəlkə də doğmalarından başqa az adam inanardı... Qapalı, lakin nümunəvi davranışı, tərbiyəsi ilə fərqlənən Kənan Vətən müharibəsində igidliyinə görə çoxlarına örnək oldu. İndi doğulduğu Cəlilabadın Şiləvəngə kəndinin təkcə yaşlıları, cavanları yox, yeniyetmələri, uşaqları da Kənanın qəhrəmanlığı ilə öyünür...
Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən şəhid İbrahimli Kənan Azad oğlu 1999-cu il mayın 28-də dünyaya göz açıb. 2005-ci ildə birinci sinfə gedib və 11 illik məktəb həyatı boyu utancaq xasiyyətinə görə həmişə gizlənməyə, arxa sıralarda oturmağa çalışarmış. Mədəniyyəti ilə yaşıdları arasında sayılıb-seçilən bu sakit oğlan orta məktəblə kifayətlənməyib, təhsilini Masallı Dövlət Regional Kollecində davam etdirib.
2017-ci il iyulun 15-də hərbi xidmətə çağırış vərəqəsi alan Kənan İbrahimli hərbi xidmətə yollanıb. Kənan oxuduğu təhsil müəssisələrində seçildiyi kimi hərbi xidmətdə də seçilməyi bacarıb, xidmət boyu peşəkar minomyotçuya çevrilib. Həqiqi hərbi xidmətini 2019-cu ilin yanvarında başa vuran İbrahimli Kənan geri qayıdıb tələbəlik həyatına qaldığı yerdən davam edib.
Kənanın həyat tərzi onun şəhidlik zirvəsinə aparan cığır yolu idi... Kənana ikinci dəfə çağırış 2020-ci il sentyabrın 21-də gəlib və o, Vətənini qorumaq, işğaldakı torpaqlarımızı azad etmək üçün cəbhəyə yollanır...
Sentyabrın 27-də döyüşlərin ilk günündən ordu sıralarında olan Kənan Hadrutdakı ağır döyüşlərdən sağ çıxır. Hadrutu düşməndən tam azad edib möhkəmlənmə işləri apararkən İbrahimli Kənan xüsusi şücaət göstərir. Düşmənlə üz-üzə gələn Kənan ondan yaşca kiçik olan döyüş yoldaşlarına ürək-dirək verib, hər kəsə yerindən tərpənməməyi tapşırıb. Özü səngərə çıxıb 4 düşməni məhv edən İbrahimli Kənan şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin peşəkarlığı və ayıq-sayıqlığı nəticəsində düşmən geri oturdulub, əks halda 24 hərbçi yoldaşı da özü ilə bərabər şəhid olacaqdı...