16 Yanvar 2021 11:52
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

18 yanvardan başlayaraq tibb işçilərinin vaksinasiyası başlayır.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, 1 fevraldan etibarən isə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyası başlayacaq.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün test verməyən, xəstəlik mərhələsindən asılı olmayaraq virusa yoluxanların sayı elan olunan rəqəmlərin azı iki qatı qədərdir:

"Bu gün əhali arasında 8-9 milyon nəfər virusa yoluxmayıb. Vaksinasiya lazımdır ki, xəstəliyi ağır keçirən, reanimasiyaya düşən xəstələrin sayını azaldaq. Bu gün xəstəliyi ağır keçirənlərin sayı yetəri qədər çox olur. Bunun qarşısını almaq üçün hər kəs məsuliyyətini dərk etməlidir. Bizim hədəflərimiz uşaqlar, gənclər yox, yaşlılar, xroniki xəstəliyi olanlardır. Hər kəs vaksinasiyaya çox ciddi yanaşmalıdır.

Çox adam soruşur ki, vaksini vuran kimi qoruyurmu, ya ailəsi üçün təhlükəli ola bilərmi? Vaksin vurulan kimi insanı qorumur, bu, ümumi vaksinasiya prinsipidir. İnsan orqanizminə yeridilmiş dərman virusa qarşı bir müddət sonra immunitet qoruyuculuq yaradır. Uçuşa bir gün qalmış peyvənd vurdurmağın xeyri yoxdur. Peyvəndi vurduqdan sonra da özümüzü qorumağa davam etməliyik. İlk dozanı vurdurduqdan sonra yoluxan insanların xəstəliyi yüngül keçirməsi barədə də fikirlər var. Öz tərəfimizdən prosesə çox ciddi hazırlaşırıq. Elektron qeydiyyat sistemi e-təbib üzərində aparılacaq. Vaksin vurduran şəxs haqqında bütün məlumatlar əks olunacaq".

Yaqut Qarayeva vətəndaşlara müraciət edərək, karantin qaydalarına əməl riayət etmələrini xahiş edib:

"Virusla mübarizədə hər birimiz əl-ələ verib çalışmalıyıq. Bu gün İsrail dünyada ən çox vaksinasiya ölkələrdən biri olsa belə, orada sərt karantin rejimi tətbiq edilir. Yenidən sərt karantinə getməmək üçün hər kəs qaydalara əməl etməlidir".

Şahmar Mövsümov isə sonda qeyd edib ki, təhsil sektoru ilə bağlı növbəti həftədə ictimaiyyətə açıqlama veriləcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər