Bu gün tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim, tibb elmləri doktoru Zəhra Quliyevanın doğum günüdür.
Zəngin və çoxşaxəli fəaliyyəti ilə xalqımıza və dövlətimizə faydalı olmanın örnəyini yaratmaqla 82 illik həyatının hər gününü böyük vətəndaş məsuliyyəti ilə yaşayan Zəhra xanımı böyük ehtiramla yad edirik.
Teleqraf.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Azərbaycanın sayılıb-seçilən, ziyalılığı, nəcibliyi ilə onu tanıyanların, insani keyfiyyətlərinə bələd olanların heç bir zaman unuda bilməyəcəyi Zəhra xanımı mən də böyük sevgi və hörmətlə xatırlayıram.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpası illərində, çətin və ziddiyətli, eyni zamanda əhəmiyyəti və şərəfli dönəmlərdə istər alim, istər həkim, istər ictimai və dövlət xadimi kimi ona tapşırılan və özünün seçdiyi bütün sahələrdə fədakarlıq nümunəsi sərgiləyən Zəhra xanımı yaxından tanımaq, ünsiyyətdə olmaq, ölkə daxilində və xaricə səfərlərimizdə onu müşahidə etmək mənə də qismət olmuşdur.
Sadəliyi və təvazökarlığı, humanistliyi və tələbkarlığı, yüksək mədəniyyəti və kübarlığı, insanı heyrətə gətirəcək səmimiyyəti və mehribanlığı ilə yanaşı prinsipallığı və nöqsanlara qarşı barışmazlığı bugünkü kimi xatirimdədir.
Onunla ünsiyyət hər bir mövzuda çox maraqlı və cəlbedici idi. Uşaqlıq və gənclik illərində rastlaşdığı saysız-hesabsız çətinliklər onu mətinləşdirmiş, amma heç bir halda sərtləşdirməmişdi. Aramla və özünəməxsus sakit bir tərzdə danışığı, səlis və rəvan nitqi, incə təfərrüatları ilə hər zaman diqqətləri özündə saxlamaq və sonadək onu dinləməyə hamını vadar etməyi yaxşı bacarırdı.
Nəsihətləri, tövsiyələri də öz yerində. Hərdən sərt danlağına tuş gələnlərimiz də olurdu.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyəti ilə isə Azərbaycan qadınları və elə bütün ölkə vətəndaşları arasında böyük nüfuza malik idi. Hər kəs onu bir ana kimi qəbul edir, öyüd və tənbehlərindən nəticə çıxarmağa çalışar, ecazkar zahiri məlahəti ilə yanaşı, daxili gözəlliyi ilə qəlbləri ovsunlayan bu gözəl insanla ünsiyyətdən zövq alardı.
Onun iki böyük sevgisi vardı ki, hər zaman başqalarına da onları aşılamağa çalışardı.
Birincisi, Azərbaycan və azərbaycanlılar, ikincisi isə öz ömrünü bu məmləkətə və onun insanlarının həyatına həsr etmiş Ülu Öndərimiz Heydər Əliyev idi. Harada olmasında asılı olmayaraq bütün nitqlərini biri ilə başlayır, digəri ilə bitirərdi.
Onunla bu mövzularda söhbətlərimiz, diskussiylarımız çox olmuşdu. Hər dəfəsində də bu zərif və mülayim təbiətli insanın - ideallarına və prinsiplərinə sədaqət mücəssəməsi kimi qəbul edilən Zəhra xanımın şəxsiyyətinin bütövlüyünə heyran qalmamaq mümkün deyildi. Çünki o, bu amalları üçün bütün imkanlarını təmənnasız və sonadək əsirgəməyən vətənprəvər ziyalı, əsl Azərbaycan qadını idi.
Qürur və fəxarətlə anırıq.
Ruhu şad olsun!