31 Yanvar 2021 00:34
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə... Bu söz qalibiyyət və məğlubiyyətlə yanaşı həm də özündə ağrı, təklik, ölüm daşıyır. 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçiləri qarşısına üç hədəf qoymuşdu: ya şəhid, ya qazi olacaq, ya da döyüşüb evlərinə, doğmalarının yanına salamat qayıdacaqdılar.

Sentyabrın 27-də başlanan müharibənin sonunda Zəfər tarixi yazıldı taleyimizə... Soyuq başla düşünəndə dilemma qarşısında qalırıq: hansı daha çətindir? - müharibədə döyüşmək, yoxsa savaşdan sonra əvvəlkitək yaşamaq?..

II Qarabağ müharibəsində hadisələrin gedişatı, igidlərimizin mərdliyini və müharibə zamanı yaşananları qəhrəmanlarımızın dilindən öyrənək.

Müsahibimiz Qarabağ qazisi "Cəsur döyüşçü" medalı ilə təltif olunan Nazim Muradov döyüşə könüllü qoşulub.

- Bu möhtəşəm tariximizdə mənim də payım olduğu üçün çox qürurluyam. Düzdür, yaralanmışam, amma bu, nə zamansa geri çəkiləcəyimə əsas vermir. Yenə də çağırsalar, getməyə, Vətən məni səsləsə döyüşməyə hazıram. Kiçik vaxtlarımdan əsgər olacağım, hərbi xidmətə gedəcəyim gün üçün səbrsizlənirdim. 18 yaşımda hərbi xidmətə çağırılanda universitetdə oxuduğum üçün gedə bilmədim. Ali məktəbi bitirib daha sonra hərbi xidmətə yollandım.

- Müharibənin başladığı barədə xəbəri haradan eşitdiniz?

- Ermənistanın təxribatına cavab olaraq ordumuzun əks-hücum əməliyyatına başladığı haqda internetdən məlumat aldım. Sosial şəbəkələrdə bu barədə oxumuşdum, lakin inana bilmirdim. Sonra dostlarıma zəng edərək dəqiqləşdirdim. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət elədim, amma yaşım çox olduğu üçün məni qəbul etmirdilər. Çoxlu isrardan sonra istəyimə nail oldum.

- Sentyabrın 27-si döyüşlərin ilk gününü necə xarakterizə edərdiniz?

- Oyanış, diriliş, qurtuluş günü kimi... Biz Qarabağı yalnız yuxularımızda xəyal edirdik, lakin 27 sentyabr səhəri Qarabağı azad etmək üçün şansımızın olduğunu sübut etdi.

- Yəqin ailə üzvlərinizlə əlaqə yaratmaqda çətinlik çəkirdiniz...

- Özümlə telefon aparmamışdım. Lakin əsgərlərdən telefon alıb gündə bir dəfə evə zəng edirdim. Ailə üzvlərimizi nigaran, gözü yolda qoymaq doğru olmaz. Ancaq şəbəkə problemi ilə bağlı elə gün olurdu ki, əlaqə yaratmaq mümkün olmurdu.

- Bir tərəfdə Vətən sevgisi, digər tərəfdə ailə, heç nəyi düşünmədən şəhidliyi, qaziliyi gözə alıb müharibəyə getmək...

- Bu, sözlərlə ifadə olunmayan bir hissdir. Gərək o hissləri yaşayasan. Məni çox adam qınayırdı ki, yaşlı ananı tək buraxıb gedirsən. Mənsə cavabında deyirdim ki, Vətən də anamızdır, onun qədrin bilməyən öz anasının qədrini bilə bilməz. Əvvəla, Vətəni qorumaq lazımdır ki, evdəki ananı da qoruya biləsən. Könüllülərin sırasına qatıldım, biz ora gedəndə adlarımız yayılmamışdı, boş gilizlərin içinə ad, soyadlarımızı yazıb qoyurduq ki, ola bilər bizə nə isə olar, yanarıq, üzümüz tanınmaz hala gələr. Biz artıq o gilizləri boynumuzdan asanda hamımız ölməyə hazır olduğumuzu bir daha təsdiqlədik. Düzdür, şəhidlik bizim üçün ən uca zirvədi, amma biz əvvəla ölməyə yox, öldürməyə getmişdik.

- Sizin üçün müharibənin hansı anı ən çətini idi?

- Demək olar ki, hər gün çətin idi. Düşmən artilleriyası susmaq bilmirdi, ən çox gecə atırdılar. Lakin Azərbaycan əsgərinin hər zaman oyaq olduğunu bilmirdilər. Ən əsas məqamlardan biri Hadrutu keçdik, Füzuli rayonunun girişində onlar bizi artilleriya atəşinə tutdular və biz orada 3 şəhid verdik. Allah hər birinə rəhmət eləsin. Çavuşumuz ayağından qəlpə yarası aldı. Mən isə mərminin təzyiqi ilə yerə çırpıldım. Yer qaya idi, zərbə ilə qayanın üstünə yıxıldım, belimdən travma aldım.

Belimdə yırtıq var, yeriməyim çətinləşib. Ağrıkəsici olmasa, ağrılara dözmək mümkün olmur. Özüm yaralı olsam da, şəhidlərimizi görəndə öz ağrımı unutmuşdum. Hər gün çiyin-çiyinə döyüşdüyümüz insanlar gözümüzün qarşısında şəhid oldular, bizim isə əlimizdən heç nə gəlmirdi...

- Amma sonadək ümid vardı... 44 günlük müharibə insanlarda hansı hissləri oyatdı?

- Həmişə o fikirdə olmuşam ki, düşmənə qarşı yalnız intiqam hissi ilə yanaşmaq lazımdır. Müharibə insanlarda intiqam hisslərini oyatdı. Onlar bizə qarşı çox amansız olublar. Dəfələrlə olub ki, düşmənlə üz-üzə gəlirdik, "silahları yerə qoyub gəlin, əlbəyaxa döyüşək" deyirdik. Onlar bundan belə qorxurdular və silahlarını elə ordaca atıb qaçırdılar. Çünki bilirdilər ki, Qarabağ onların deyil, heç vaxt olmayıb, olmayacaq da.

- Arxa cəbhənin dəstəyini hiss edirdiniz?

- Arxa cəbhənin dəstəyi çox möhtəşəm idi. Bizlər rahat yataq deyə camaat öz evindən yorğan-döşək göndərirdi. Görürdük ki, heç biri işlənmiş deyil, hər biri öz balasının cehizindən götürüb verirdi. Yemək hədsiz dərəcədə çox idi. Bütün firmalar, işçilər, adi vətəndaşlar, hər kəs çox böyük dəstək nümayiş etdirirdi. Əsgərlərə tırlarla paylar gəlirdi, hər şey o dərəcə bol idi. Arxa cəbhəyə, dövlətimizə sonsuz təşəkkür edirəm. Onların bizə dəstəyi daha da ümidləndirirdi. Xüsusilə Ali Baş Komandamızın çıxışları bizə çox böyük motivasiya olurdu.

- Gənclərə hansı tövsiyələri verərdiniz?

- Gənclərə tövsiyəm odur ki, bacardıqları qədər çox kitab oxusunlar. Orduda belə savadlı əsgərlərə çox ehtiyac duyulur. İnternetə çox vaxt sərf etməsinlər. Xarici ədəbiyyata daha çox müraciət etsinlər, çünki orada olan fikirlər dünyagörüşlərinə çox böyük təsir edəcək. Hərbi xidmətə yollananlara isə məsləhətim odur ki, sadəcə hərbi biletə görə yox, əksinə, ürəklərində olan vətən eşqinə görə hərbi xidmətə getsinlər.

Söhbətləşdi: Əbdürrəhmanov Cavid


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər