20 Fevral 2021 14:21
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Anar Kərimov Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafını qeyd edib, iki ölkənin mədəniyyət nazirliklərinin səmərəli qarşılıqlı fəaliyyətindən söz açıb. Mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdiyi, indiyədək görülən işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılması, xalqlararası mədəni təbliğatın təşviqi, qarşılıqlı mədəni tədbirlərin təşkilinə diqqət çəkilib. Həmçinin muzeylər və kitabxanalararası əməkdaşlıq, mədəniyyət sahəsində təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə cari ildə imzalanması planlaşdırılan “Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında mədəniyyət, təhsil, elm, gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş”ə toxunulub. Görüş zamanı eyni zamanda Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinin genişləndirilməsi, gənclərlə iş sahəsində birgə layihələrin reallaşdırılması məsələləri də müzakirə olunub.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Volfqanq Maniq Almaniya və Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin sıx və rəngarəng olduğunu, uzunillik ənənəyə dayandığını deyib. Diplomat əlaqələrin daha da inkişaf etdirilməsi üçün müvafiq əməkdaşlıq müqaviləsinin imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb, bunun iki ölkə arasında hərtərəfli münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib.

Görüş zamanı həmçinin cari ildə keçirilməsi nəzərdə tutulan 71-ci Berlin Beynəlxalq Film Festivalında Ermənistan tərəfindən təqdim edilmiş “Black Bach Artsakh” filminin nümayişinin proqrama salınması ilə bağlı etiraz ifadə edilib.

Sonda iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin perspektivlərinə toxunulub, əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər