Təhsil Şurasının sədri: "Fəaliyyəti şəffaf olsa, ali təhsil inkişaf edəcək"
Təhsil naziri Mikayıl Cabbarov Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin iclasında çıxış edərkən bildirib ki, Azərbaycanda ali təhsilin akkreditasiyası orqanı yaranır. Bu orqan təhsilin keyfiyyətinə də nəzarət edəcək.
Bəs hazırda ali məktəblərin akkreditasiya olunmasını və təhsilin keyfiyyətinə nəzarəti hansı qurum həyata keçirir?
Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat katibi Tahirə Qafarlının bildirdiyinə görə, indiyədək ADNA-nın fəaliyyəti üçün akkreditasiyanı Təhsil Nazirliyi həyata keçirib: "Azərbaycanda ali təhsilin akkreditasiya və onun keyfiyyətinə nəzarət edən xüsusi bir orqan yoxdur. Nazirlik özü ali məktəbləri yoxlayır və onlara fəaliyyətləri ilə bağlı lisenziya verir. Eləcə də, Azərbaycan Dövlət Neft Akademiyasına. Hər bir ali məktəbin fəaliyyətini Təhsil Nazirliyi yoxlayır".
"Keyfiyyəti sağlam rəqabət artıra bilər"
Təhsil eksperti, Turizm İnstitutunun müəllimi Məhərrəm Zülfüqarlı bildirdi ki, ali məktəblərin fəaliyyətini, təhsilin keyfiyyətini Hesablama Palatasının apardığı yoxlamalar əsasında müəyyən etmək mümkündür: "Demək olmaz ki, indiyədək ali məktəblərdə təhsilin keyfiyyəti nəzarətsiz qalıb. Amma bunun üçün ayrıca bir qurumun yaradılması və bu qurumun şəffaf fəaliyyət göstərməsi Azərbaycanda təhsili inkişaf etdirər. Həqiqətən də, belə təkmilləşmiş bir qurumun fəaliyyətinə ehtiyac var".
M.Zülfüqarlının fikrincə, ali təhsil müəssisələrində tədrisin keyfiyyətini artırmaq üçün universitetlər arasında rəqabət mühiti yaradılmalıdır: "Azərbaycanda təhsil sahəsində demokratik mühit yaradılsa, sağlam rəqabət də ola bilər. Azərbaycan Avropa Şurasının üzvüdür. Bazar iqtisadiyyatıdır, kim hansı ali məktəbi istəsə, onu seçər. Abituriyentlərin seçmədiyi ali məktəblər onsuz da öz-özünə bağlanacaq".
İndi planlı təhsil zamanı deyil...
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin bildirdiyinə görə, indiki dövrdən fərqli olaraq, sovetlər dönəmində ali təhsil planlı şəkildə nəzarətdə olub: "Həm ümumtəhsil, həm də ali təhsilin fəaliyyəti üçün planlı şəkildə yoxlamalar aparılırdı. Bu yoxlamalara təlimin keyfiyyəti, kontingentin dinamikası, müəllimlərin tədrisi aparması, ixtisası bilməsi, peşə səviyyəsi və sair daxil olub. Təhsil Nazirliyi o vaxt Maarif Nazirliyi adlanırdı. Bu yoxlamalar ümumiləşdilirdi və Maarif Nazirliyinin kollegiyasında müzakirə olunurdu, qərar verilirdi. Yoxlamalar zamanı neqativ, yaxud pozitiv hallar aşkarlandıqda bunları aradan qaldırmaq, yaxud nümunəvi təcrübəni yaymaq üçün tədbirlər görülürdü. İndi isə vəziyyət tamam başqa cürdür. Bildiyiniz kimi, ali məktəblərin formaları də fərqlidir. İnstitut, universitet və akademiyalar mövcuddur. Bu universitetlərin bəzisi uşaq bağçasından başlayaraq ali məktəbə qədər təhsili təşkil edən böyük kompleksdir. Bu ali məktəblərin vəzifələri ümumi əsasnaməyə əsaslansa da, hərəsinin öz nizamnaməsinə uyğun konkret vəzifələri, idarəetməsi fərqlidir. Bundan başqa, ali məktəblər özəl və dövlət müəssisəsinə məxsusdur".
"Akkreditasiya fəaliyyətə lisenziya vermək üçündür"
ATŞ sədri bildirdi ki, hazırda ali məktəblər arasındakı fərqlilik bu təhsil müəssisələrinin eyni standartlara cavab vermək imkanlarını məhdudlaşdırır: "Ali məktəblərin hamısında təhsilin keyfiyyəti, maddi-texniki baza yüksək səviyyədə deyil. Buna görə də idarəetmədə dəyişiklik yaratmaq zamanın tələbinə uyğundur. Təcrübə göstərir ki, ali məktəblərin əlaqələri getdikcə genişlənir. Beynəlxalq əlaqələrdən tutmuş təcrübə funksiyasına qədər geniş sahəni əhatə edir. Bu baxımdan, ayrı-ayrı universitetlərin bir-birini yoxlaması, yaxud Təhsil Nazirliyinin bütün ali məktəbləri yoxlaması mümkün deyil. Bu məsələdə ən yaxşı model akkreditasiya və keyfiyyətə nəzarət qurumudur. Doğrudur, sovet dövründə də akkreditasiya xarakterli qiymətləndirmə işi aparılırdı, amma o akkreditasiya deyildi. Ali məktəb fəaliyyətə başlayanda Təhsil Nazirliyi ilə həmin təhsil müəssisəsi arasında müqavilə bağlanır, yəni bir növ Təhsil Nazirliyi bu ali məktəbə fəaliyyət göstərməyə icazə verir. Bu müqavilə də 5 ildən bir, 3 ildən bir təzələnməlidir. Akkreditasiya isə ondan ibarətdir ki, həmin ali məktəbin fəaliyyəti yoxlansın, qənaətbəxşdirsə, sonrakı fəaliyyətinə lisenziya verilsin. Akkreditasiyadan, yəni qeydiyyatdan, qiymətləndirmədən uğurla keçən ali məktəb mənsub olduğu nazirliyin lisenziyasını alır və fəaliyyətini davam etdirir. Çünki ali məktəblər var ki, Təhsil Nazirliyinin yox, başqa nazirliyin nəzdindədir".
Ə.Ağayev hesab edir ki, çoxsahəli ali məktəblərin keyfiyyətli fəaliyyətinin tənzimlənməsi üçün ayrıca nəzarətedici qurum yaradılmalıdır: "Bu qurumun ayrıca nizamnaməsi olmalıdır, Nazirlər Kabinetində təsdiq edilməlidir və genişhüquqlu fəaliyyət göstərməlidir. Fikrimcə, bu qurum Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərməlidir. Amma təbii ki, şəffaf, prinsipial və sistemli fəaliyyət göstərəcəksə, bu qurum təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcək. Əgər prinsiplər qorunmasa, bu xidmətin effekti olmayacaq".
Sevil Hilalqızı