Ölkəmizdə şəhid ailələri və vətən müharibəsi iştirakçılarına dövlət qayğısı humanitar missiyanı ehtiva edir. Azərbaycan hər zaman sosial dövlət siyasətinə sadiqdir. Ölkəmizdə həssas təbəqədən olan insanlara hər zaman diqqət və qayğı mövcuddur. İstər I Qarabağ, istərsə də II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Onun sözlərinə görə, ölkə başçısının sərəncamı ilə yaradılan “YAŞAT” Fondu şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsini daim diqqətdə saxlayacaq: “Bu, eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformadır. Belə bir təsisatın yaradılması bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsinə xidmət edir. Fond ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri ilə sıx təmasdadır. Əsas fəaliyyət istiqamətləri şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasıdir. Eyni zamanda müalicə və psixoloji dəstək xərclərinin ödənilməsidə nəzərdə tutulur. Təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına da Fondun böyük dəstəyi mövcuddur”.
Deputat deyib ki, Fond cəmiyyət və dövlət birliyinin təcəssümü olmaqla yanaşı böyük humanitar missiyanı özündə ehtiva edir: “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Sözügedən hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir. Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır”.
Cavid Osmanov vurğulayıb ki, qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin sosial siyasətidir: “Bu müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə görüşlər keçirilib. Onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fond tərəfindən həyata keçirilmiş ödənişlərin əsas istiqamətləri məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsini əhatə edib. Fondun şəffaf fəaliyyəti dövlətə ictimai etibarı artırır. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur”.
Millət vəkilinə görə, institusional təşəbbüslərin mövcudluğu taleyüklü məsələlərin həlli istiqamətində dövlətin strateji yanaşmasından xəbər verir: “Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi. Tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq”.