Milli Azərbaycan Tarixi Muzeyində Neolit dövrünə aid gil qadın fiquru qorunur.
Muzeydən Teleqraf.com-a bildirilib ki, fiqurun hündürlüyü 2,3, eni 1, uzunluğu 4,8 santimetrdir.
Məhsuldarlıq təcəssümünü ulu ana obrazında ifadə edən qadın fiqurları, alimlərin fikrincə, pərəstiş obyekti rolunu oynayıb. 1967-1968-ci illərdə arxeoloq İdeal Nərimanovun Qarğalar təpəsi (Qazax) abidəsində apardığı qazıntılar zamanı tapılmış gil fiqur bu baxımdan çox maraqlıdır. Başsız və qolsuz, ayaqları bitişik, yarıoturmuş vəziyyətdə düzəldilmiş bu heykəlciyin boyun hissəsindəki dalğavari xətlər açılmış saçlara bənzəyir. Alimlərin fikrincə, dövrün incəsənətinin məhsulu olan bu fiqur dini məqsəd daşıyır və saçlarını açıb tökərək yağışın yağması üçün müsəllaya çıxan qadını əks etdirir.