Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb, 1 nəfərin barmağında sıxılaraq qalan halqa xilasedicilər tərəfindən həkim nəzarəti altında müvafiq qaydada çıxarılıb. Həmçinin, Qoşqarçay çayının Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisindən keçən hissəsində aşkar edilmiş Həsənova Mehriban Əziz qızının meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.