MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanları (AAO) üçün Maliyyə nəzarətinə dair standartların hazırlanması üzrə İşçi qrupun fəaliyyəti çərçivəsində Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında video-konfrans formatında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Hesablama Palatası məlumat yayıb.
Məlumata görə, görüşdə qurumu auditor Cavid Bayramov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Günay Məmmədova təmsil ediblər. Eyni zamanda, görüşdə Rusiyanın Hesablama Palatasının müvafiq struktur bölmələrinin rəhbərləri və əməkdaşları da iştirak edib.
Toplantıda tərəflərin birlikdə aparacağı MDB-yə üzv olan dövlətlərin Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili ilə bağlı Rusiyanın Hesablama Palatasının təqdimatları dinlənilib, müzakirələr aparılıb.
Toplantının sonunda Ali Audit Orqanlarında risk əsaslı yanaşmanın istifadə olunması vəziyyətinin təhlili üzrə müvafiq qərarlar qəbul edilib və bu istiqamətdə gələcək əməkdaşlığın perspektiv istiqamətləri müəyyən olunub.