Rusiya Federasiyasının Amur vilayətinin inzibati şəhəri Blaqoveşenskdə fəaliyyət göstərən azərbaycanlıların “Araz ” Cəmiyyətinin gəncləri 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bağlı tədbir keçirib.
Teleqraf.com-a “Araz” Cəmiyyətindən daxil olan xəbərə görə, təşkilatın üzvləri şəhərin 17 saylı kimsəsiz uşaqlar evinə baş çəkiblər.
Burada yaşayan hər bir uşağa xüsusi hədiyyə təqdim olunub. Eyni zamanda uşaqlar üçün Azərbaycan mətbəxtinə uyğun şəkildə bayram süfrəsi açılıb.
Bundan başqa, cəmiyyətin təşəbbüsü ilə uşaqlar arasında idman yarşları təşkil olunub.
“Araz” Cəmiyyətinin bu təşəbbüsü həqiqətən də 17 saylı internatda yaşayan onlarla kimsəsiz uşaqlarda əsl bayram ab-havası yaradıb.
Bu tədbir milliyyətindən asılı olmayaraq kimsəsiz uşaqları sevindirməklə eyni zamanda uzaq Amurda Azərbaycanın təbliği, azərbaycanlıların qonaqpərvərliyinin göstəricisi və bəşəri dəyərlərə sadiqliyinin nümunəsidir.