5 İyun 2021 17:11
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlu və YAŞAT Fondunun birgə həyata keçirdiyi, "Yeni Müsavat" Media Qrupunun dəstəklədiyi “Hədiyyə karvanı” Tovuz, Ağstafa, Gəncə, Gədəbəy, Göygöl, Goranboy və Naftalandan sonra Ağdama çatıb.

Teleqraf.com Musavat.com-a istinadla xəbər verir ki, Türkiyə Uşaq Oyunları Federasiyasının nümayəndələri Salim İsot və Tuğba Baylan şəhid ailələrini evlərində ziyarət edib. Şəhid övladlarına hədiyyələr təqdim olunub, ailə üzvlərinə baş sağlığı verilib.

Qonaqları rayon icra hakimiyyətinin başçısının müavini Arzu Rəhimova qarşılayıb və şəhid ailələri ilə görüşlərdə də iştirak edib. Əvvəlcə rayonun Qasımbəyli qəsəbəsinin şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Elvar Qasımovun ailəsi ziyarət edilib. Daha sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş Elçin Mahmudovun ailəsinə baş çəkilib. İki valideynini itirən, özündən sonra Vətənə iki azyaşlı körpə əmanət edən şəhidin ailəsinə baş sağlığı verilib, övladlarına hədiyyələr təqdim olunub.

Quzanlı 1 qəsəbəsində isə könüllü olaraq cəbhəyə yollanan və şəhidlik zirvəsinə ucalan Elmir Əliyevin evi ziyarət edilib. Ziyarət zamanı şəhidimizin qızı atası üçün yazdığı şeiri oxuyub. Göz yaşlarını saxlaya bilməyən şəhid qızı, qonaqları da kövrəldib.

Sonda Ağdam şəhər məzarlığı da ziyarət olunub.

Qeyd edək ki, rayonun digər şəhid və qazilərinin övladlarının hədiyyələri siyahı əsasında YAŞAT Fondunun əməkdaşları tərəfindən təqdim olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər