28 İyul 2021 17:32
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə "28 iyul Ümumdünya Hepatit Günü"nə həsr edilmiş "Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri" adlı onlayn elmi tədbir öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, onlayn Elmi Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov hepatit xəstəliyinin insanlar və ümumilikdə dünya üçün nə qədər təhlükəli bir bəşəri problem olduğu barədə danışıb. C. Məmmədov öz çıxışında qlobal səviyyədə diqqət mərkəzində olan bu məsələ ilə əlaqədar ölkəmizdə dövlət tərəfindən atılan kompleks addımlardan bəhs edib. O, bu il Azərbaycanda yeni yaradılacaq "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi"nin meyitdən orqanların alınması, orqan gözləyən xəstələrin reyestrinin yaradılması, transplantasiya üçün orqanların ölkə üzrə paylanması və bundan irəli gələn məsələlərin həllində öz müsbət töhfəsini verəcəyinə və bütün bunların hepatit xəstələrində göstərişlərə əsasən orqan transplantasiyası əməliyyatlarının daha geniş şəkildə həyata keçirilməsinə yardımçı olacağına ümid etdiyini bildirib.

C.Məmmədov vurğulayıb ki, bu tədbir Mərkəzi Gömrük Hospitalının hələ də koronavirusla öz mübarizəsini davam etdirdiyi bir dövrdə keçirilir və Hospitalın bütün kollektivi bu günlərdə yalnız konoronavirus xəstələrinə tibbi yardım göstərir. İdarə rəisi çıxışının sonunda Hospital üçün bеlə çətin bir zamanda həkimlərin bu tədbirin təşkili və keçirilməsində göstərdikləri böyük həvəs və səylərini çox yüksək dəyərləndirdiyini bildirib və tədbirin işini açıq elan edib.

Tədbirin rəsmi açılış hissəsində, eyni zamanda Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi də çıxış edib.

Rəsmi açılış hissəsindən sonra tədbirdə İstanbul Florence Nightingale Xəstəxanasının professoru Fehmi Tabak və Mərkəzi Gömrük Hospitalın şöbə rəisi Namiq Novruzun moderatorluğu ilə "Viral Hepatitlər" panelinə start verilib. Azərbaycan və Türkiyədən yüksək ixtisaslı mütəxəssislər tərəfindən məruzələrin dinlənildiyi onlayn tədbir sual-cavab sesiyaları və müzakirələrlə davam edib.

300-dən çox mütəxəssisin iştirakı ilə öz işinə başlamış tədbirin 2 gün ərzində davam etdirilməsi və ümumilikdə, yerli və beynəlxalq mütəxəssislər tərəfindən 24 məruzənin dinlənilməsi nəzərdə tutulur.

Tədbirin günün ikinci yarısında İstanbul Florence Nightingale Xəstəxanasının professoru İrfan Koruk və Mərkəzi Gömrük Hospitalın həkimi Aynur Səfiyevanın moderatorluğu ilə "Uşaq və böyüklərdə autoimmun və metabolik qaraciyər xəstəlikləri" paneli ilə davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 16 DTT balı qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər