28 Avqust 2021 21:24
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Professorla bu dəfə məktəb həyatından, anası ilə bağlı xoş xatirələrindən, aldığı təlim-tərbiyədən və təhsildən, şəxsiyyət kimi formalaşmasından, universitet illərindən, yaradıcılığından, musiqiyə olan sevgisindən, şeirlərindən, sözlərinə bəslənən mahnılardan və digər məsələlərdən danışdıq.

- Eldar müəllim, bundan öncəki söhbətlərimizdə ictimai-siyasi fəaliyyətinizdən danışmışdıq. Bu dəfə sizin bir şəxsiyyət kimi formalaşmağınızda ailənizin, valideynlərinizin rolundan bəhs etmənizi istərdik.

- Bəli, biz bir neçə mövzuda söhbətlər aparmışıq. Əlbəttə, hər bir insanın özünün keçdiyi həyat tarixçəsi var. Hər kəsin həyatında yadda qalan bir çox hadisələr mövcuddur. Mənim də bir insan kimi formalaşmağımda mühüm olan faktorlar var. Ötən söhbətlərimizdə nəsilimizdən-kökümüzdən, atamdan, əmilərimdən, nənələrimdən, babalarımdan danışdıq.

İndi biz də bəlli bir yaş həddinə gəlib çatmışıq. Bir müddət öncə 70 yaşım tamam oldu. Dövlət səviyyəsində mənə yüksək diqqət göstərildi. Təşəkkür edirəm, cənab Prezident məni yubileyım münasibəti ilə “Şərəf” ordeni ilə təltif etdi. Bu, ölkəmizin ictimai-siyasi, sosial sferasında fəaliyyətimlə bağlı dövlət başçısının mənə vermiş olduğu ən yüksək qiymət idi. Amma mənim yubileyim üçün cənab Prezidentin ən böyük hədiyyəsi Qarabağın azadlığı oldu. 44 gündə biz millət, xalq, dövlət olaraq bir yumruq kimi birləşdik. Bu şərəfli tarixi birgə yaşadıq. Tarixi torpaqlarımızın azadlığını gördük. Bu, Azərbaycan xalqı üçün unudulmaz bir qələbə idi. Qalib xalq olaraq bütün dünyaya dövlətimizin və millətimizin nəyə qadir olduğunu nümayiş etdirdik.

Sözsüz ki, 70 illik ömrümüzün uşaqlıq dövrünə qayıdıb o dövrün kitabını vərəqləsək, çox xatirələrə baş vurmuş olarıq. Mən Maştağada anadan olmuşam. Maştağa qəsəbəsindəki 187 saylı tam orta məktəb bitirmişəm. Bir insan kimi yetişməyimdə atamın, babalarımın, nənələrimin rolu, sözsüz, böyükdür. Ən əsası anam mənə hər zaman böyük dəstək olub, yol göstərib.

Anam bağça müəlliməsi idi. Biz 3 qardaş olmuşuq. Evin ortancılı mən idim. Qardaşlarımızla aramızda 3 yaş fərq var. Böyük qardaşım artıq dünyasını dəyişib. Biz çox gözəl, mehriban bir ailədə böyümüşük. Ailəmizdə böyüklərimizə, atamıza, anamıza xüsusi bağlılıq olub. Ələlxüsus da mən anama çox bağlı olmuşam. Baxmayaraq ki, o, dünyasını dəyişib, amma mən yenə anama bağlıyam, sanki onun tövsiyələrini yenə dinləyirəm...

Ondan aldığım yüksək mənəvi keyfiyyətləri bu gün də həyatımda hiss edirəm. Mən anamdan tərbiyə almışam. O, yüksək tərbiyəyə malik bir ana idi. Uşağı ana böyüdür. Ananın öz tərbiyəsi uşağın dünyagörüşündə çox önəmlidir. İnsanlara qarşı səmimi münasibəti və digər önəmli məqamlarda davranışları da anamdan öyrənmişəm.

- Sinif yoldaşlarınızı necə xatırlayırsınız?

- Məktəbdə çox yaxşı təlim-tərbiyə almışıq. Demək olar ki, bizim sinifin uşaqlarının əksəriyyəti ali məktəbə daxil oldu. Məktəb xatirələrim çox zəngindir.

- Ən çox hansı məqamlar hələ də yaddaşınızdadır?

- Xoş xatirələrim çoxdur. Sinif yoldaşlarımızla, müəllimlərimizlə çox mehriban olmuşuq. Yadımda ən çox Novruz bayramı ilə bağlı gözəl xatirələr qalıb. Məktəbə hər kəs evindən bayram xonçaları, bəzəkli yumurtalar gətirərdi. Biz məktəbdə də bu bayramı xüsusi sevgi ilə qeyd edərdik. Bununla yanaşı demək olar ki, məktəbdə keçirilən bütün yarışlarda aktiv olmuşuq.

Futbol yarışlarına maraq daha çox idi. Sinif qızlarımız da gəlib bizim yarışımıza tamaşa edərdilər. Yadımdadır, 10-cu sinifdə məktəblər arasında yarışda birinci yeri tutmuşduq.

- Daha çox hansı fənnə marağınız vardı?

- Kimya, tarix, coğrafiya, riyaziyyat fənlərini daha çox sevirdim. Amma digər fənnləri də sevərək oxuyurdum. Çünki o dövrün təhsil sistemi elə idi ki, bütün elmlərə qarşı yanaşma bərabər səviyyədə idi.

- Məktəb müəllimələrinizi necə xatırlayırsınız?

- 1-ci sinifdən 10-cu sinifə qədər bizə müəllimliklə yanaşı, analıq qayğısı göstərmiş Rəfiqə müəlliməni böyük sevgi ilə xatırlayıram. Rəfiqə müəllimə dil-ədəbiyyat fənnindən dərs keçirdi. Ümumiyyətlə, sinifimiz çox aktiv idi. Hətta “Azərbaycan müəllimi” qəzetində bizim siniflə bağlı məqalə də çap olunmuşdu. Həmin məqalədə müəllim-şagird münasibətindən, ana-övlad qayğısından bəhs olunurdu.

- Bəs, valideynlərinizin məktəbə, müəllimlərə münasibəti necə idi?

- Aşağı siniflərdə valideynləri məktəbə tez-tez çağırardılar. Yuxarı siniflərdə artıq böyük uşaqlar idik. Valideynlərin məktəbə gəlməsinə ehtiyac qalmırdı. Onu deyim ki, valideynlərin də məktəbə xüsusi bir diqqəti vardı. Valideyn bilirdi ki, məktəbdə onun övladına yaxşı təlim-tərbiyə ilə yanaşı lazımı səviyyədə bilik verilir.

- Eyni partada əyləşdiyiniz sinif yoldaşınız yadınızdadırmı?

- Sinifdə əvvəl bir qız, bir oğlan otururduq. Artıq 5-ci sinifdən sonra Rəfiqə müəllimə dedi ki, kim-kimiylə istəyir yanaşı partada əyləşə bilər. Mən də dostum Ələkbərlə otururdum. Ələkbər indi də sağdır.

- Uşaqlıq dostlarınızla münasibətiniz qalırmı?

- Əlbəttə, məktəbdən elə bir partada əyləşdiyim Ələkbərlə dostluğumuz bu gün də davam edir. Onun da soyadı Quliyevdir. O, neft sənayesi üzrə ali təhsil aldı. Onunla 7 yaşından yəni, 1-ci sinifdən yoldaşlıq edirik. Aramızda 63 illik bir dostluq tarixi var.

- Sizin bir uşaq kimi məktəbə münasibətiniz necə olub? Adətən, uşaqlar məktəbdən bir qədər uzaq qaçmağa çalışır...

- Məktəbi çox sevirdim. O vaxt məktəbli formaları vardı. Yadımdadır məktəb formaları çox qalın parçadan tikilirdi. Mən elə axşamdan məktəb forması ilə yatırdım ki, səhər tezdən dərsə gecikməyim.

Dostum Ələkbərlə məktəbə biz adətən daha tez gedirdik. Dərs səhər saat səkkizdə başlasa da biz saat 7-dən məktəbdə olurduq. İndi də özüm üçün aydınlaşdıra bilmirəm ki, biz niyə elə tez saatda mətkəbədə gedərdik ki?.. Səhər tezdən Ələkbər elə bizim qapını döyən kimi ona qoşulub hamıdan qabaq məktəbdə olurduq.

- Qarlı-çovğunlu havalarda kənd şəraitində dərsə davamiyyətiniz necə idi?

- Xatirimdədir ki, 1963-cü ildə Bakıya dəhşət qar yağmışdı. Səhər tezdən durdum gördüm ki, hava-qar çovğundur. Həmin gün məktəbə batman kağızları aparmalı idim. Amma havanın o qədər şaxtalı-küləkli olmasına baxmayaraq pencəklə məktəbə getdim. Məktəbə çatmamış külək batman kağızlarını apardı.

O vaxt az qala Maştağaya metrə yarım qar yağmışdı. Biz Ələkbərlə o qarda-çovğunda getdik gördük ki, məktəbdə heç kim yoxdur. Sonradan cəmi 3-4 uşaq dərsə gəlmişdi. Bir müddət sonra məktəbin direktoru də gəldi. Direktor dedi ki, bir-birinizə qoşulun, evə gedin.

- Evdə, uşaqlıq qayğılarınız yaddaşınızda necə qalıb?

- Evdə bizə ad günü eləməzdilər. Amma kiçik qardaşıma ad günü olunurdu (gülür). Həmin günü bizim üçün də sevincli və şən keçirdi.

- Bir evdə 3 oğlan uşağı böyümüsünüz. Oğlanlar adətən evdə bir az nadinc olur. Sizdə durum necə idi?

- Bizim evdə o barədə vəziyyət normal idi. Demək olar ki, evdə anam xəstə olduğu vaxtlarda təmizlik işlərinə mən baxırdım. Döşəmə silirdim, qabları yuyurdum, arada yemək də bişirirdim. Anamın ətəyindən tutub gəzən uşaq deyildim. Çalışırdım ki, ev işlərində anama yardımçı olum.

- Qardaşlarınızın təhsilə münasibəti necə olub?

- Çox yaxşı. Biz 3 qardaş, üçümüz də ali təhsilliyik. Qardaşlarımın təhsilə, elmə maraqları hər zaman böyük olub.

Böyük qardaşım uzun müddət dövlət idarəçiliyində çalışıb. Kiçik qardaşım isə dövlət işinə maraq göstərməyib, xırda biznes fəaliyyəti ilə məşğul olub. Bu gün də elə öz işindədir. Ailəmizdə elə bir tərbiyə almışıq ki, üç qardaş çox mehriban, daim bir-birinin qayğısına qalmışıq.

Mən ailədə ortancıl olmağıma baxmayaraq elə əvvəldən də nəsildə-kökdə, ailədə düzlüyümlə, təmizliyimlə nümunə olmuşam. Bu günə qədər bizim haqqımızda heç bir xoşagəlməz ifadə işlədən olmayıb. Kimsə deyə bilməz ki, kimdənsə nəsə alıb qaytarmamışıq. Amma bizim üstümüzə gəlirlər ki, kimsə nəsə alıb qaytarmır. Deyirlər ki, siz həm dövlət tərəfdən, həm də mənəvi olaraq ağsaqqalımızsınız bu məsələləri yoluna qoymaqda bizə kömək edin.

Mən də istənilən məsələlənin araşdırılıb doğru-düzgün həll olunmasında hər zaman maraqlı olmuşam.

(ardı var)


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər