Azərbaycan və Ukrayna qeyri-hökumət təşkilatlarının İşçi Qrupunun yaradılması təklif edilib.
Bu təkliflə çıxış edən Azərbaycan Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov Trend-ə açıqlamasında deyib ki, Azərbaycan və Ukraynadakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yardımçı olmaq üçün hər iki ölkənin QHT-lərinin birgə İşçi Qrupu yaradılmalıdır.
E.Məmmədov hesab edir ki, Azərbaycanla Ukrayna arasında yüksəksəviyyəli əlaqələrin kifayət qədər inkişaf etdiyi bir vaxtda iki ölkə QHT-ləri arasında birgə iş daha yüksək səviyyədə olmalıdır.
Onun sözlərinə görə, İşçi Qrupu Azərbaycan və Ukraynanın qədim mədəniyyətini və tarixini araşdıra bilər, ortaq problemlərin dünya ictimaiyyətinə çatdırılmasına töhvəsini verə bilər.
Ukrayna həqiqətlərinin Azərbaycan ictimaiyyətinə çatdırılmasına yardımçı olacağına əminliyini bildirib.
E.Məmmədov deyib ki, ictimai birliklərin cəmiyyətə və dünyada gedən proseslərə təsir gücü böyükdür. O qeyd edib ki, həm Azərbaycan, həm də Ukrayna QHT-lərin imkanlarından kifayət qədər yararlanmalıdır.
Qeyd edək ki, Azərbaycan Ukrayna Beynəlxalq Alyansın Kiyev və Truskovetskdə ofisləri fəaliyyət göstərir.