12 Noyabr 2014 21:17
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Xəzər Strategiya İnstitutunun (HASEN) 2-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldız, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, TPAO şirkətinin baş direktoru Besim Şişman, BOTAŞ-ın baş direktoru Mehmet Konuk, BP Türkiyə rəhbəri Bud Fackrell, Türkiyədə və bölgədə enerji sahəsində fəaliyyət göstərən digər şirkətlərin rəhbərləri, diplomatlar, elm xadimləri və media təmsilçiləri iştirak ediblər.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Taner Yıldız Xəzər Strategiya İnstitutunun enerji, logistika, iqtisadiyyat, mədəniyyət və beynəlxalq əlaqələr ilə əlaqədar mövzuları araşdıran bir qurum olduğunu diqqətə çatdırıb, institutun tədqiqatlarından Enerji ve Təbii Ehtiyatlar Nazirliyinin də faydalandığını vurğulayıb. Taner Yıldız Türkiyə və Azərbaycanın enerji sahəsində həyata keçirdiyi ortaq layihələrdən danışaraq bildirib ki, “Şahdəniz” layihəsində BP-dən sonra ən böyük payın Türkiyədə olması və bununla bağlı sərmayə qoyuluşunun davam etdirilməsi bu coğrafiyadakı siyasi sabitliyə inamdan qaynaqlanır. Nazir qeyd edib ki, dünyada baş verən son hadisələr TANAP kimi layihələrin əhəmiyyətini daha da artırıb. Bu layihənin uğuruna inandıqlarını bildirən Taner Yıldız Türkiyə-Azərbaycan əməkdaşlığının böyük bir sinerji yaratdığını deyib.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev çıxışına Türkiyədə baş verən mədən faciəsi ilə bağlı həlak olanların yaxınlarına və Türkiyə hökumətinə başsağlığı diləkləri ilə başlayıb. O, Xəzər Strategiya İnstitutunun Türkiyə və Azərbaycan arasındakı əlaqələrin inkişafında və Xəzər bölgəsinə olan marağın artırılmasında çox önəmli bir missiya daşıdığını bildirib:

“Strateji layihələrə Türkiyə ilə birlikdə imza atırıq. Azərbaycan təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP layihəsi, STAR Neft emalı zavodu, PETLİM layihəsi və PETKİM şirkətinə qoyulan investisiyalar bu böyük strateji əməkdaşlığın təməlini təşkil edir. Bütün bu yatırımlar Türkiyə iqtisadiyyatına əlavə dəyər qatacaqdır. İnstituta yüksək səviyyədə verdiyimiz dəstək gələcək illərdə də davam edəcəkdir”.

HASEN-in baş katibi Haldun Yavaş institutun regional inkişafa böyük dəstək verən, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı tədbirlərindən söz açıb. Sonra Xəzər Strategiya İnstitutunun tərkibinə yeni daxil olan qurum üzvləri ilə imza mərasimi keçirilib. HASEN baş katibi imza mərasiminə şahidlik edən Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar naziri Taner Yıldıza və ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə institutun plaketlərini təqdim edib. Sonda “Əsrin müqaviləsi”nın 20-ci ildönümü və “Cənub Qaz Dəhlizi”nin təməlinin atılması münasibəti ilə bu layihələrin uğurla həyata keçirilməsində göstərdiyi xidmətə görə Taner Yıldıza “Xatirə Medalı” təqdim olunub.

Naibə


Müəllif:

Oxşar xəbərlər