AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunda “Fövqəladə hadisələrin (FH) nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Rəhbər heyətin Mülki Müdafiə (MM) məşqi keçirilib.
Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iclası institutun direktoru Ramiz Məmmədov açaraq deyib ki, keçirilən tədbir 2014-cü il Mülki Müdafiə tədbirləri planına müvafiq olaraq keçirilir. MM rəhbəri məşqin məqsədinin fövqəladə hallar zamanı idarəetmənin təkmilləşdirilməsi, mülki müdafiə tədbirlərini yerinə yetirərkən əməkdaşlara rəhbərlik etməkdə komandir-rəis heyətinin bacarığının artırılması, rəhbər heyəti tərəfindən MM Planının öyrənilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Sonra İnstitutun MM qərargahının rəisi Namazəli Mustafayev fövqəladə hadisələr zamanı rəhbər heyətin biliklərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verib. Qərargah rəisi eləcə də bu günkü məşqə hazırlıqla əlaqədar İnstitutun direktoru, akademik R. Məmmədovun rəhbərliyi və MM qüvvələrinin iştirakı ilə oktyabrın 27-də keçirilən müşavirənin nəticələri ilə əməkdaşları tanış etdi, onları maraqlandıran sualları cavablandırıb.
Məşqdə iştirak edən AMEA-nın II Xüsusi şöbəsinin baş mütəxəssisi Əlimərdan Məhəmmədov da çıxış edərək dedi ki, müəssisə və təşkilatlarda hər il keçirilən məşqin əsas məqsədi insanları Fövqəladə hallar zamanı davranış qaydaları haqqında biliklərlə maarifləndirməkdir.
Sonda Rəhbər heyətin Mülki Müdafiə məşqi qənaətbəxş hesab edilib.
NİGAR