Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə reyd keçirib.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhərinin Corat, H.Z.Tağıyev, Abşeron rayonunun Novxanı və Xızı rayonunun Şuraabad yaşayış məntəqələrinin Xəzər dənizi ərazisində təşkil edilmiş reyd zamanı 9 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb.
Yoxlamanın nəticəsi olaraq, kiçikhəcmli gəmilərin təhlükəsiz istismar qaydalarının müvafiq bəndlərini pozan 4 gəmi istifadəçisi inzibati məsuliyyətə cəlb olunaraq barələrində protokol tərtib edilib.
Eyni zamanda, kiçikhəcmli gəmi istifadəçilərinə bu tipli su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, kiçikhəcmli gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının zəruriliyi izah olunaraq, onlarla maarifləndirici söhbətlər də aparılıb.