22 Dekabr 2021 18:38
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə istehsalı olan “Türkovac” koronavirus peyvəndi üçün təcili istifadə icazəsi verilib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Prezident qeyd edib ki, iki ildir dünyanı bürüyən COVID-19 epidemiyasına qarşı ən təsirli tədbir olan peyvəndin Türkiyədə istehsal olunması vacibdir: “Üstəlik, bu peyvəndin öz alim və tədqiqatçılarımız tərəfindən hazırlanması və patentinin bizə aid olması çox vacibdir. Uzun bir araşdırma və hazırlıqdan sonra istehsal və istifadə mərhələsinə çatan “Türkovac” peyvəndimiz millətimizi təhlükədən qorumaq üçün göstərdiyimiz səylərin simvoludur”.

Ərdoğan “Sinovac” və “BioNTech” peyvəndlərindən sonra üçüncü alternativ olaraq yerli “Türkovac”ı vətəndaşlara təqdim edəcəklərini də vurğulayıb: "Bəzi vətəndaşlarımızın peyvənd olunmaq üçün bütün riskləri götürərək öz məhsulumuzu gözlədiyini bilirəm. Vətəndaşlarımızı ən qısa zamanda “Türkovac” peyvəndi etdirməyə çağırıram.

Biz bəziləri kimi, peyvənd və dərman xəsisliyi edən ölkə deyilik. Epidemiya zamanı tibbi ləvazimatlarımızı, xüsusən də maskalarımızı dünyanın 160 ölkəsi və 12 beynəlxalq təşkilatı ilə paylaşdıq. Başqa yerlərdən aldığımız peyvəndlərin bir qismini təcili ehtiyacı olan bəzi dost ölkələrə göndəririk. “Türkovac”ın istehsalı ilə birlikdə bu peyvəndi bütün bəşəriyyətlə bölüşməkdən məmnun olarıq”.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yerli COVID-19 peyvəndi “Türkovac”ın bu gündən etibarən istehsalına başladıqlarını deyib: “50 ildən sonra türk alimlərimiz tərəfindən 100 faiz yerli istehsal edilən peyvəndi hüceyrəsindən başlayaraq inkişaf etdirdik. Yerli peyvəndimiz 24 ildən sonra istehsal olunur. Beləliklə bu gündən etibarən COVID-19 peyvəndi istehsal edən 9 ölkədən birinə çevrilmişik. Hazırda doldurma, etiketləmə və qablaşdırma işləri aparılır. Müayinələr 10 gün ərzində tamamlanacaq və gələn həftənin sonuna qədər geniş istifadəyə veriləcək”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər