Ölkənin ən böyük müəssisələrindən biri olan “Azəriqaz” İstehsalat Birliyinin (İB) 8500 nəfərə yaxın işçi heyəti var ki, onun 500 nəfərdən artıq hissəsi şəhid ailəsi üzvü və Qarabağ müharibəsi iştirakçılarıdır.
Bu barədə Teleqraf.com-a “Azəriqaz” İB-dən məlumat verilib.
Birlik bu həssas əhali kateqoriyasına aid şəxslərin yalnız qaz təchizatı problemlərinin həllinə deyil, həmçinin onların Birlikdə müvafiq işlə təmin olunmaları istiqamətində də işlər görür. Vətən müharibəsi iştirakçısı Oqtay Həsənov “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən müraciət edərək işə qəbul olunmasında ona köməklik göstərilməsini xahiş edib. Baş direktor Birliyin müvafiq strukturuna Vətən müharibəsi iştirakçısının işlə təmin olunması məqsədi ilə tapşırıq verib.
Verilmiş tapşırığa əsasən Oqtay Həsənov 17.12.2021 tarixində Birliyin Anbar Təsərrüfatı İdarəsində işə qəbul olunub.
Qısa müddət ərzində Birlikdə çalışmağa başlayan Oqtay Həsənov işindən və “Azəriqaz” İB kimi ailənin bir üzvü olmasından məmnun olduğunu bildirib.