7 Yanvar 2022 10:22
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Türkiyənin tanınmış yazıçısı, tədris və psixologiya ilə bağlı uşaq ədəbiyyatı sahəsində çoxsaylı əsərlər müəllifi olan yazıçı Nazmi Şimşəklə müsahibəni təqdim edir.

Dosye:

Nazmi Şimşək 1952-ci ildə Türkiyədə - Yozqatın Akdağmadeni rayonunun Örənqala kəndində dünyaya gəlib. 1972-ci ildə Tokat İbtidai Sinif Müəllimliyi Məktəbini, Anadolu Universitetinin İqtisadiyyat bölməsini bitirib. Uzun illər müəllim kimi fəaliyyət göstərib. Almaniyada işləyən Türkiyə vətəndaşlarının övladlarına təhsil vermək məqsədilə 1988-1994-cü illərdə Almaniyada ikidilli siniflərdə müəllimlik edib.

Türkiyədə təhsil sahəsində müxtəlif vəzifələrdə çalışan pedaqoq-yazarın təhsil sahəsində apardığı araşdırmalarla yanaşı, maarifləndirici məqalələri, hekayələri, nağılları, esseləri, romanları (həmçinin uşaqlar üçün) çap olunub.

Bala Kitab Cəmiyyətinin sədridir.

- Nazmi bəy, maraqlı və keşməkeşli həyat yolunuz var. Müəllimlik kimi müqəddəs peşə ilə məşğul olmusunuz. Yazmağa necə başladınız?

- Müəllimliyə başladqıdan sonra mütaliəm artdı. Yaxşı müəllim olmağın yolu insanı dərindən tanımaqdan keçir. Bu həqiqət məni Aleksis Karrelin deyimi ilə “İnsan deyilən məchulu” tanımağa sövq etdi.

İnsan çox mütaliə etdikcə istər-istəməz “mən də öz düşüncələrimi, bildiklərimi çatdıra bilərəm” deyə düşünməyə başlayır. Yazdıqlarınızın insanlar tərəfindən fərqinə varılması isə işin cazibəsini artırır.

Düşünürəm ki, həqiqi bir təhsil insanı ömrünün sonunadək təhsilə xidmət etməlidir. İşimin içində idarəçiliyin də olması təhsillə bağlı daha çox oxumağıma səbəb olurdu. Dediyim kimi, bilik artdıqca insan öz düşüncələrini başqalarıyla paylaşmaq istəyir.

Beləcə, qəzetlərin oxucu köşələrinə yazmaqla başlayan yolçuluq sonradan məni qəzet və jurnallarda daimi yazan birinə çevirdi. Yazmağın verdiyi zövq əsərlərimin yaranmasına səbəb oldu. Daha çox təhsillə bağlı yazdığım üçün pedaqoq-yazıçı kimi tanındım. Elə mən də özümü belə adlandırıram.

Yazmaq insanın oxuduqları və yaşadıqlarının nə qədərini həzm etdiyini və mənimsədiyini sözlə ifadə etməsidir. Mənim dərdim insanlardır. İnsanları anlamaq üçün mütaliələrimi davam etdirir, anlatmaq istədiklərimi, həm şəxsi inkişaf məqalələri, həm də ədəbi əsərlər vasitəsilə izah etməyə çalışıram.

Həyata pedaqoq kimi baxan, ərsəyə gətirdiyi əsərlərdə ədəbi-bədii estetika ilə yanaşı, insanların həyatının müsbət yöndə inkişafına töhfə verməyi prioritet hesab edən bir yazıçı kimi yoluma davam etmək istəyirəm. Bu dünyadan gəlib keçməyimin bir nişanəsi olaraq, nəfəs aldığım müddətcə insanların fayadalana biləcəyi əsərlər miras qoysam, özümü xoşbəxt hiss edəcəyəm.

- Necə oldu ki, uşaqlarla bağlı ədəbi əsərlər yazmağa başladınız?

- Ölkəmizdə uşaq ədəbiyyatı sahəsində böyük boşluğun olduğunu fikirləşirdim. Bu düşüncə ilə yola çıxdım. Hazırda işinin əhli olmayan bir çox insan uşaqlar üçün kitab yazır, nəşr etdirir. Uşaqlarımız demək olar ki, yerli və xarici yazıçı və nəşriyyatların istismarı ilə üz-üzədir. İnternet və digər texnoloji imkanlar mütaliəni azaldıb. Az sayda qalan oxucular isə öz mədəniyyətinə yad əsərlərlə qarşı-qarşıyadır.

Belə bir mühitdə yetişən nəsilləri öz mədəniyyətini öyrənməmə təhlükəsi gözləyir. Az sayda çıxan yerli ədəbiyyat məhsulları gözlənilən keyfiyyətə cavab vermir. Keyfiyyətli əsər yazan yazıçı və naşirlərin dəstəyə ehtiyacı var. Bunları nəzərə alaraq, bu sahədəki çatışmazlıqları aradan qaldırmaq, keyfiyyətli əsərlərin əhatə dairəsinin genişlənməsinə öz töhfəmi vermək məqsədilə yola çıxdım.

- Yazmağa başladığınız dövrlə indiki nəslin həyat tərzində hansı fərqlər var? Belə deyim, indi uşaqlara daha çox hansı mövzular cəlbedici gəlir?

- Dövrümüzdə elmi-texnoloji inkişaf sürətlə davam edir. Orta yaş və onun üzərində olanlar bu inkişafa adaptasiya olmaqda çətinlik çəkir, amma uşaqlar o dəqiqə uyğunlaşa bilirlər. Yəni, dediyim sahədə baş verən inkişafı ən yaxşı təqib edən uşaqlardır və onlara texnologiya əsrinin övladları deyə bilərik. Bu dəyişklik və inkişaf uşaqların maraq dairəsinə də təsir edir.

Ona görə də müasir yazıçılar uşaqların maraq dairəsini diqqətə alaraq ədəbi əsər yaratmaq məcburiyyətindədirlər. Hazırda elmi fantastika janrında olan əsərlərə daha çox tələbat olduğunu deyə bilərəm.

- Azyaşlılar üçün yazarkən onların dünyasına nə qədər daxil ola bilirsiniz, yaxud nə qədər uşaq ola bilirsiniz?

- Böyüklər üçün uşaqların dünyasına daxil olmaq elə də asan deyil. Ancaq təhsil sahəsində işləməyim işimi asanlaşdırır. Peşə həyatım boyunca uşaqlarla iç-içə olan, hər vəziyyətdə eyni mühitdə yaşayan biri olaraq onların davranışlarına şahid olmuşam və bunun verdiyi üstünlüklərdən istifadə edirəm.

Buna bir də həssas müşahidə qabiliyyətiniz əlavə olunarsa, uşaqların dünyasına nüfuz etmək çətin olmaz. Yazıçı əsəri yazarkən həmin anları yaşayan insandır. Qısası, uşaq ədəbiyyatı yazan hər şeydən əvvəl içindəki uşağı yaşatmaq məcburiyyətindədir, əks halda oxuyucu ilə bütövləşə bilməz.

- Müşahidə qabiliyyəti, içindəki uşağı yaşatmaq kimi məqamlardan bəhs etdiniz. Uşaqlar üçün yazmaq yazıçıdan daha hansı bacarıqları tələb edir?

- Uşaq gələcəkdir. Gələcəyin sağlam təməllər üzərində qurulması onlara verilən dəyərin ölçüsündən çox asılıdır. Uşaq bir fidandır, təməli necə qoyularsa ona uyğun kök salar, inkişaf edər. Yetişmə müddətinin şərtlərinə görə meyvə verər, ətrafındakıların kamillik dərəcəsinə uyğun şirinləşər. Bir insan uşaqlıq çağında necədirsə, yetişkinliyi də o cür olar. “İnsan yeddisində nədirsə yetmişində də odur” atalar sözümüz tam olaraq bunu deyir. Azyaşlıların uşaq qala bilməsinə, daha doğrusu, yaşına uyğun yaşaya bilməsinə önəm verilməlidir.

Uşaq ədəbiyyatını duyğu və düşüncələrin onların dünyasına uyğun şifahi və yazılı ifadəsi kimi qəbul edə bilərik. Şifahi və yazılı ifadə uşaqların duyğularına xitab edəcək gözəllik və təsirdə olmalıdır. Bu zaman təsvir və dilin ifadə gücü ilə birlikdə hekayəçinin yaradıcı hissiyyatı vacibdir. Ortaya qoyulan məhsullar uşağın sənət və ədəbiyyatla olan qarşılıqlı əlaqəsini müsbət istiqamətdə oyatmalıdır.

Hər hansı bir əsərin uşaq və ya böyüklər üçün olmasında ədəbilik baxımından heç bir fərq yoxdur. Gözəllik və təsirlilik eyni olmalıdır. Vacib olan fərq uşaqların xəyal gücü, duyğusal quruluşları və düşüncə potensiallarının diqqətə alınmasındadır.

Erkən uşaqlıq dövründən etibarən insan eşitdikləri, gördükləri sayəsində özü üçün dünyanın mənasını formalaşdırır. Ədəbiyyat da bu düşüncələrin formalaşmasına öz təsirini göstərir. İnsan yaxşı məhsullar sayəsində oxuyar, düşünmək qabiliyyətini formalaşdırar, fərqli baxışlarla qarşılaşaraq dünyagörüşünü yaradır.

Uşaq ədəbiyyatı ilə əlaqəli olan yaradıcı insanların dünyanı və hadisələri uşağın baxış bucağı ilə görməsi, hiss və ifadə etməsi lazımdır.

Bu baxımdan, hədəf kütləm bütün insanlar olmaqla birlikdə həyatı başa düşməyə çalışan uşaqlar və gənclərdir, deyə bilərəm.

- Türkiyədə uşaqların keyfiyyətli təhsil alması və doğru davranışlar qazanmalarında əməyiniz çoxdur. Yeri gəlmişkən, deyim ki, Azərbaycanda da uşaqlar Türkiyənin televiziya kanallarına, xüsusilə uşaq proqramlarına çox baxırlar. Pedaqoq-yazıçı olaraq, uşaq verilişləri ilə bağlı nələr sizi daha çox narahat edir və nələri dəyişdirmək istərdiniz?

- Yaxın vaxtlara kimi Türkiyədə uşaq proqramları xarici qaynaqlı əsərlərdən hazırlanırdı. Son illərdə yerli istehsalların artması sevindiricidir. Buna baxmayaraq, hazırlanan proqramların pedaqoji cəhətdən uşaqlara uyğun olub-olmadığı müzakirə mövzusudur. Xüsusilə, xarici qaynaqlı cizgi filmlərində macəra yaratmaq və marağı artırmaq üçün zorakılığa çox yer verilməsinin uşaqların xarakterlərinin formalaşmasına mənfi təsir etdiyinə inanıram.

Türkiyədəki istehsalçılar televiziya serialları mövzusunda uğurlu işlərə imza atmağa başlayıb. Daha çox əsər ortaya qoymaq və reytinq qazanmaq istəyi ilə insani dəyərlərin diqqətdən kənar qaldığını düşünürəm. Ana-ataları ilə birlikdə o serialları izləyən uşaqlar dəyərlərlə bağlı mənfi nümunələrlə qarşılaşır.

- Türkiyədə, eləcə də digər türkəsilli dövlətlərdə yaranan uşaq ədəbiyyatı ilə dünya uşaq ədəbiyyatını müqayisə etsək, ortaya hansı fərqlər çıxır? Ortaq bir tariximiz var və bunu uşaqlara öyrətmək üçün yazıçıların öhdəsinə nə cür iş düşür?

- Qeyd etdiyiniz ölkələrin ədəbiyyatları arasında müqayisə aparacaq qədər məlumata sahib olmadığım üçün bu barədə nəsə deməyim doğru olmaz. Hər cəmiyyətin özünə aid mədəniyyəti, təməl quruluşu (altyapısı) və dəyərlər sistemi var. Yazıçı əvvəlcə var olanı diqqətə almağa, inkişaf etdirməyə və yaşatmağa cavabdehdir.

Yüz illərin ayrılığı türk xalqlarının dilinə də təsir edib və Türk dünyası mənsubları olaraq bir-birimizi başa düşməkdə çətinlik çəkirik. Bu maneəni aradan qaldırmağın ən asan yolu ortaq dil yaratmaqdan keçir. Buna görə də Türk dünyası yazıçıları yaratdıqları əsərlərlə ortaq dilin formalaşdırılması istiqamətində iş görməlidirlər.

- Uşaqlara ədələt, sevgi, mərhəmət kimi dəyərlərin aşılanması üçün ədəbiyyatın üzərinə hansı vəzifələr düşür?

- Hər mövzuda olduğu kimi insanın xarakterik xüsusiyyətlərinin formalaşması da uşaqlıq illərində başlayır və yaşadığı mühitlə əlaqəli şəkildə inkişaf edir. Buna görə də bir millətin dəyərlər sisteminin bütün sahələrdə canlı tutulması vacib olduğu kimi, ədəbiyyat və sənətdə də buna diqqət göstərilməlidir. Uşaq doğulduğu cəmiyyətin məhsuludur. Cəmiyyət nə ilə qidalanırsa, təsiri eynilə uşaqda da görünəcək.

Ədəbiyyata-həyata pozitiv baxan, qarşılaşdığı problemləri həll etmək üçün mübarizə apara bilən, ətrafında gördüyü hər bir canlının xüsusi bir dəyəri olduğunu dərk edə bilən nəsillərin yetişməsinə töhfə verən vasitə kimi baxa bilərik. Uşağın aid olduğu milli mədəniyyət, söz xəzinəsi, dilə hakimlik dərəcəsi nə cür kitablar oxuya biləcəyini təyin edər.

Ana-atanın, müəllim və digər insanların mövzuya həssaslıqla yanaşması vacibdir. Uşağın oxuduğu əsəri anlamaq qabiliyyəti diqqətə alınmalıdır. Buna baxmayaraq, kitab seçimində mədəni zəminlə yanaşı, yaş səviyyəsi də nəzərə alınmalıdır. Əks halda, qavrama qabiliyyətindən aşağı və ya yuxarı əsərlər oxuması mütaliə zövqünə mənfi təsir edəcək.

- Azərbaycanlı oxucular müəllifi olduğunuz kitablardan yararlana bilirmi, hansı əsərlərinizi oxumalarını istərdiniz?

- Təəssüf ki, Azərbaycan oxucusunun kitablarımla tanış olduğunu deyə bilməyəcəyəm. Amma Avrasiya Yazarlar Birliyi və İLESAM tərəfindən Türkiyədə Azərbaycan türkcəsinə uyğunlaşdırılıb nəşr olunan hekaya antologiyasında hekayələrim yer alıb. Aygün Yaşar və Gülnarə Cəmaləddin adlı müəlliflər tərəfindən bir neçə hekayəm Azərbaycan türkçəsinə uyğunlaşdırlıb və oxuculara təqdim olunub.

Valideyn və müəllimlərə xitab edən “Uşaq və həyat” kitabım seminarlarda birlikdə iştirak etdiyim müəllimlərə paylanılıb.

Hekayə və romanlarımın, eləcə də uşaqlar üçün yazdığım hekayə və nağıllarımın, tədris və psixoloji yönümlü kitablarımın qardaş ölkənin oxucularına çatmasını arzu edirəm. Ümid edirəm ki, yaxın gələcəkdə bu arzum reallaşar.

- Bir az da rəhbərliyini etdiyiniz Bala Ktab Cəmiyyətindən bəhs edək...

- Uşaq Ədəbiyyatçıları Birliyinin həyata keçirdiyi fəaliyyətdə iştirak edirəm. Bir müddət birliyə rəhbərlik də etmişəm. Bu sahədəki boşluğu doldurmaq üçün axtarışlar apardığımız zaman rəhbərliyini etdiyim birliklə Türkiyənin ən köklü qeyri-hökümət təşkilatı olan Türk Ocaqları Mərkəzində Bala Kitab Cəmiyyətini qurduq.

Burada Türkiyənin uşaq ədəbiyyatı sahəsində yazan yazıçılar təmsil olunur. Bala Kitab Cəmiyyəti bu sahədəki çatışmazlıqları aradan qaldırmaq, keyfiyyətli məhsulların yayılmasına töhfə vermək məqsədilə işlər görür.

Uşaq ədəbiyyatı yazıçılarının iştirak etdiyi tədbirlər təşkil olunur və ərsəyə gətirdikləri əsərlərin bu sahəyə uyğun olub-olmadığı müzakirə olunur. Yəni, bu çalışmalarda yazıçılar öz bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, uşaq ədəbiyyatına əsər vermək istəyənlərə dəstək olmağa çalışır.

Bala Kitab Cəmiyyətində uşaq ədəbiyyatı sahəsində peşəkarlar yer alıb. Bunlar yazıçı, rəssam, nəşriyyat, kitab evi, pedaqoq, psixoloq, sosioloq, tarixçi, dilçi, folklorşünas, müəllim, şagird, ana-atalardır.


Müəllif: Aygün İbrahimli

Oxşar xəbərlər