4 May 2022 17:14
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 3 ilə yaxındır ki, ölkəmizdə məhkəmə-hüquq sistemində islahatlar çərçivəsində yeni institut – mediasiya institutu fəaliyyətə başlayıb. Belə ki, 2019-cu il martın 29-da “Mediasiya haqqında” qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib. İndiyə kimi Azərbaycanda mediasiya təcrübəsi tətbiq olunmayıb və bu, artıq qeyd etdiyimiz kimi Azərbaycanın məhkəmə-hüquq sistemində yenilikdir. Doğrudur, mediasiya haqqında qanun qüvvəyə minib, mediatorlar fəaliyyət göstərir, Mediasiya Şurası yaradılıb, şura mediatorların davamlı olaraq ictimai qiymətləndirilməsini həyata keçirməyə başlayıb, bütün bunlara baxmayaraq cəmiyyətdə mediasiya institutu barədə bir qədər məlumatsızlıq hökm sürür.

Teleqraf.com mediasiya prosesi barədə məlumatlandırma xarakteri daşıyan, prosesin necə getdiyi, insanların daha çox hansı məsələlərlə bağlı mediatorlara müraciət etməsi barədə hazırladığı məqaləni təqdim edir.

Hüquqşünas, mediator Fərhad Mehdiyev bildirib ki, mediasiya tərəflərə öz aralarında razılaşmağa imkan verən bir institutdur. Onun sözlərinə görə, mediasiyanın əsas məqsədi və mahiyyəti tərəflərə öz aralarında razılaşmağa imkan verməkdir.

Bu, hər zaman mümkün olurmu?

Fərhad Mehdiyev deyir ki, yox. O qeyd edir ki, tərəflərin öz aralarında razılaşmaları onların aralarındakı uçurumun dərinliyindən asılıdır:

“İkinci məsələ isə tərəflərin hələ də bir-birində bağlı olan maraqlarının qalıb-qalmamasından asılıdır. Tərəflərin bir-birində qarşılıqlı maraqları olduqda – əgər onlar nəsə alıb nəsə verə bilirlərsə və bu onların maraqları daxilində olursa, razılaşma daha rahat olur. Deyim ki, bu, hər mübahisə zamanı belə olmur. Mediasiyada böyük ehtimalla razılığa gələ bilməyəcəyimiz mübahisələr var, amma mediasiyada eyni zamanda razılığa gələ biləcəyimiz mübahisələr də mövcuddur. Onlar da az deyil. Məsələn, kommersiya, yaxud əmək mübahisələrində razılıq əldə etmək ehtimalları daha yüksəkdir. Ailə mübahisələrinə gəldikdə isə burada da razılıq əldə etməık mümkündür. Amma kommersiya mübahisələrindən fərqli olaraq ailə mübahisələrində emosiyalar, tərəflərin bir-birinə qarşı neqativ hissləri olduqda bugünkü praktikada barışıq əldə etmək ehtimalları faiz olaraq təxminən 25 faiz təşkil edir”.

Bəs mediasiya ilə məhkəmənin əsas fərqi nədir?

Fərhad Mehdiyev deyir ki, məhkəmə adətən uzun çəkir. Mediasiyada isə işləri çox qısa müddətdə həll etmək mümkündür:

“Məhkəmə qərarlarının icrasında həmişə çətinlik olur. Məsələn, ata uşağı ilə görüşmək üçün məhkəmədən qərar alsa belə praktikada buna nail ola bilmir. Mediatorla razılıq əldə edəndə isə bunu daha rahat edə bilir. Tərəflər razılaşırlar və deyək ki, atanın uşağını görməsində sıxıntı yaranmır. Aliment məsələsini götürək. Görürsünüz ki, məhkəmənin kəsdiyi alimenti çox vaxt ödəmirlər. Mediasiyada bu məsələdə razılığa gələndə fövqəladə bir şey olmasa, tərəf bu alimenti ödəyir. Yəni, sonda bağlanan mediasiya sazişinin icra edilməsi ehtimalı məhkəmə qərarından fərqli olaraq yüksəkdir. Məhkəmə qərarını hər zaman icra etmək mümkün olmur”.

Mediasiya xərcləri nə qədərdir? Ümumiyyətlə, mediasiya pul xərclənirmi?

Fərhad Mehdiyev deyir ki, mediasiyaya xərc çıxır, amma məhkəmə prosesində olduğu qədər yox: “Bilirsiniz ki, məhkəmədə bir neçə instansiya var, bunların hər biri xərc deməkdir. Mediasiya tərəflərə bütün problemləri birdəfəlik həll etməyə imkan verir”.

Mediator maraqlı bir məqama da diqqəti yönəldir. Deyir ki, məhkəmədə uduzan tərəf udan tərəfə həmişə nifrət edir. Bu nifrətin təsirləri uzun illər qalır. Bu isə heç bir halda sosial sülhə töhfə vermir: “Məhkəmə qərarı ictimai qaydanı, nizam-intizamı qoruyub saxlayır. Amma ictimai sülhə fayda vermir. Halbuki mediasiya sazişləri bunu da aradan qaldırma imkanlarına malikdir”.

Vəkil Valeh Mehralıyev isə bildirib ki, mediasiya mübahisənin məhkəmədən kənar qarşılıqlı razılıq əsasında həlli prosesidir. Onun sözlərinə görə, lakin buna baxmayaraq mediasiya prosesinə məhkəmənin gedişi zamanı müraciət etmək olur: “Bu prosesi həyata keçirən şəxsə isə mediator deyirlər. Bu institut yeni olduğu üçün cəmiyyətdə qeyri-müəyyənlik və məlumatsızlıq hökm sürürdü, lakin vəkillər, hüquqşünaslar dünya təcrübəsindən istifadə edərkən mediasiya prosesinin nə olduğunu bilirdilər. Mediasiya dünyanın müxtəlif ölkələrində təcrübə keçdikdən sonra Azərbaycanda tətbiq olunub. Hətta Türkiyədə də mediasiya prosesi tətbiq olunur. Türkiyədə mediatorlara arabulucu deyirlər. Mediatorla bağlı tələblər var, bu qanunda öz əksini tapıb”.

Bəs mediasiya institutu praktikada özünü doğruldurmu?

Valeh Mehralıyev bir vəkil olaraq hesab edir ki, özünü doğrultmur: “Mediasiya əslində proses olaraq hüquqi proses olmasına baxmayaraq onun həyata keçirilməsi ali hüquq təhsili tələb olunmayan şəxslər tərəfindən həyata keçirilir. Çünki “Mediasiya haqqında” qanunda göstərilir ki, 25 yaşına çatmış, ali təhsilli, ən azı 3 illik iş stajına malik olanlar mediator ola bilərlər. Tutaq ki, hansısa şəxs ali təhsillidir, o, ailə münaqişəsi zəminində ayrılmaq istəyən şəxslərə mediator təyin olunur və onları barışdırmağa çalışır. Təbii ki, Azərbaycanın mental dəyərləri baxımından baxsaq da tərəflər boşanmaq istəyirlərsə, ilk növbədə ailənin böyükləri, ağsaqqalları və digər şəxslər tərəfləri barışdırmağa çalışırlar. Barışıq olmursa, demək onlar məhkəməyə gedirlər. Məhkəmədən işin yenidən hansısa mediatorun üstünə yönləndirilməsi o deməkdir ki, böyüklərin, ağsaqqalların, ailənin üzərində avroriteti olan şəxslərin sözünü keçirə bilmədiyi şəxsləri hansısa 25-30 yaşlı şəxs barışdıracaq. Təcrübəmizdə rastlaşdığımız hallar göstərir ki, mediasiya prosesində 97 faiz hallarda barışıq sazişi bağlanmır və tərəflər yenidən məhkəməyə gedirlər. Yekun nəticə olaraq bu mübahisənin taleyi ilə bağlı məhkəmə qərar qəbul edir. Mediasiyanın tətbiqi digər hallarla yanaşı məhkəmələrin iş yükünün azaldılmasını da nəzərdə tutur. Ona görə də mənim düşüncəm o yöndədir ki, ola bilsin mediasiya yeni tətbiq olunduğundan insanların ona münasibəti də bir qədər fərqlidir. Hətta mən söhbət etdiyim vəkil yoldaşların əksəriyyəti belə bu praktikanın özünü doğrultmayacağını söyləyirlər. Bizdə Cinayət-Prosessual Məcəllədə əvvəlcə andlı iclaslar institutu var idi. Sonra o özünü doğrultmadığına görə məcəllədən çıxarıldı. Mən ümid edirəm ki, mediasiya institutu, mediasiya prosesi qanunvericilikdən çıxarılmayacaq və özünü doğruldacaq. Düşünürəm ki, mediasiyanın özünü doğrultması üçün cəmiyyətin müəyyən bir mərhələ adlaması lazımdır. İnsanların şüur, təhsil, sosial səviyyəsi o həddə olmalıdır ki, insanların mediasiya institutuna inamı və etibarı yaransın və insanlar mediasiya prosesində pozitiv nəticəyə gələ biləcəklərinə ümid edərək bu prosesə getsinlər. İndiki halda təcrübə onu göstərir ki, mediasiya prosesində 90-95 faiz hallarda barışıq əldə olunmur”.

Valeh Mehralıyev deyir ki, indiki təcrübə insanların məhkəməyə qədər problemlərini həll edə bilmədiklərini göstərir: “Çünki qeyd etdiyim kimi 25-35 yaşında olan hər hansı üçüncü şəxs iki şəxs arasında olan mübahisədə oturub onları barışdıracağı mümkünsüz bir bir şeydir. Bu barışıq olmadığı üçün tərəflər məhkəməyə müraciət edirlər. Ona görə mən düşünürəm ki, məcburi mediasiya prosesi də məncə, düzgün bir anlayış deyil. Mediasiya məhkəmənin yükünü azaltmaq nöqteyi-nəzərindən olsa da vəkillərin iş yükünün artmasına səbəb olur. Eyni zamanda bilirsiniz ki, rüsumların artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik oldu. Yəni, mediasiya institutu da müəyyən xərclər tələb edir, bu baxımdan mediasiyaya məcburi müraciət insanların büdcəsinə də neqativ təsir göstərir”.

Vəkil Valeh Mehralıyev daha sonra deyib: “Mən hesab edirəm ki, biz cəmiyyət olaraq mediasiya institutuna hazır deyilik. Hazır olmadığımız bir halda qanun qəbul olunub, qanun qüvvəyə minib və hal-hazırda tətbiqi həyata keçirilir. Ola bilsin ki, təcrübə formalaşdıqca, insanlar buna hazır olduqca bu institut artıq işləməyə başlayacaq. Təbii ki, işləyir, amma nəticəyönümlü işləmir. İnsanlar mediasiyadan müsbət nəticə əldə edə biləcəklərinə ümid etdikdən sonra mediasiyaya könüllü getməyə razı olar. Bizim cəmiyyətdə necədir: insanların hərəsinin özünə görə dünyagörüşü, təfəkkürü, təhsil səviyyəsi, sosial vəziyyəti olduğuna görə heç kim üçüncü şəxsi özündən ağıllı hesab etmir. Ona görə də hər hansı şəxsin söhbət əsnasında oturub onu barışdırması praktikasının formalaşması üçün insanlar dəyişməlidir. Bunun üçün də vaxt tələb olunur. Ona görə də hesab edirəm ki, müəyyən bir vaxtdan sonra bu institut oturuşacaq və nəticəyönümlü işləməyə başlayacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər