Beynəlxalq Qadınlar Günü münasibətilə işğaldan azad olunmuş Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun ərazisində 44 günlük Vətən müharibəsində canlarını Vətən uğrunda fəda vermiş şəhidlərin analarının adına həyata keçirilmiş ağacəkmə aksiyasının ianə sertifikatları Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin əhatə dairəsinə aid rayonlardan olan şəhid analarına təqdim edilib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, ianə sertifikatları Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi əməkdaşlarının iştirakı və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarında təşkil edilən tədbir və görüşlər zamanı təqdim olunub.
Görüş və tədbirlərdə iştirak edən FHN əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilmiş ağacəkmə aksiyası barədə geniş məlumat verilib.
Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə şəhid analarının adından işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində 5500 ağac ianə edilib.
İlkin olaraq aprel ayında bir qrup şəhid analarının, Qarabağ Dirçəliş Fondunun və Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı nümayəndələrinin iştirakı ilə 300 ağac tingi əkilib.
Görüşlərdə iştirak edən məsul şəxslər işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunmasında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli siyasətindən və Vətən uğrunda canlarını fəda vermiş şəhidlərimizin qəhrəmanlıq və fədakarlıqlarından geniş söhbət açıblar.
Şəhid anaları ilə görüşlər zamanı Prezident İlham Əliyevin rəhbərliyi və göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, quruculuq və yenidənqurma işlərindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, onların rifah halının yüksəldilməsi və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində görülən işlərdən geniş danışılıb.
Tədbirlərdə çıxış edən şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.