21 May 2022 09:16
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, imtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2020 nəzarətçi–müəllim, 263 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi ayrılıb.

İmtahanda 21521 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 19563 nəfər Azərbaycan, 1958 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5269 nəfəri oğlan, 16252 nəfəri isə qızdır. 18480 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2542 nəfər əvvəlki illərin məzunudur. 69 nəfər ali təhsil müəssisələrinin, 430 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənci isə 2007-ci ildəndir.

İmtahanda 43 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil olmaqla 36 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər