"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) qaşısında ciddi hədəflər dayanıb. Ən böyük hədəf Azərbaycanda İslami dəyərlərini olduğu kimi qoruyub saxlamaq, onlardan hansısa siyasi məqsədlər üçün istifadə etməyə cəhd edənlərin qarşısını almaqdır".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və DQİDK-nın birgə təşkil etdiyi "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda keçirilən konfransda dilə gətirib.
Onun sözlərinə görə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, onlardan irəli gələn ənənələrin yaşadılması olduqca vacibdir: "Bu gün Azərbaycan sosial-iqtisadi sahədə uğurlara imza atır, onun beynəlxalq aləmdə nüfuzu möhkəmlənir. Digər sahələrin də bu sürətə yaxınlaşması zəruridir. Sosial-iqtisadi həyatda dəyişikliklər mənəvi-psixoloji həyatımıza da təsir göstərir. Biz müxtəlif sahədə çatışmazlıqlara diqqət yetirməli, müzakirə etməli və onların həlli yönündə addımlar atmalıyıq".
M.Qurbanlı qeyd edib ki, cəmiyyətdə ailə və gender məsələləri mühüm yer tutur: “Azərbaycanda vətəndaşların 51 faizini təşkil edən qadınlar cəmiyyətdə böyük təsir qüvvəsinə malikdir. Əgər ölkədə hər hansı neqativ hal, radikallıq baş verirsə, bu da cəmiyyətin içindən gəlir. Həmin şəxslərin də ailəsi, anası, bacısı var. Ailədəki qadınların bu cür şəxslərə təsir etmək imkanları var. Bu nüanslar mütləq nəzərə alınmalıdır”.
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin siyasətində daim İslami dəyərlərə münasibət özünü açıq şəkildə büruzə verir: “Ölkədə dini abidlələrin, məscidlərin bərpası buna nümunədir. Hazırda Qafqazda ən böyük məscidlərdən biri Bakıda inşa olunur. Cənab Prezidentin bir sərəncamından da xəbər tutduq. Həmin sərəncam dini icmalara maddi yardımın ayrılması ilə bağlıdır. Biz bu yardımlar vasitəsilə dini icmalarda radikallığın qarşısını almağı nəzərdə tutmuşuq".
Komitə sədri əlavə edib ki, konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında 2015-ci ilə dair birgə tədbirlər planı imzalanacaq.
İlhamə