“Feysbuk”da İsveçin NATO-ya üzvlüyü ilə bağlı status paylaşmışdım. Yazmışdım ki, heç bir hərbi ittifaqa qoşulmamaq siyasəti ilə iki dünya müharibəsindən yan keçməyi bacaran, 200 il müharibə görməyən İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib. Bu tarixi olaydan İsveçin öz təhlükəsizliyinə son 200 ildə ən böyük təhdidlə üzləşdiyi qənaətinə gəlirsən.
Rusiyanı nəzərdə tutmuşdum.
Statusa yazılan çoxsaylı şərhlərdə dostlar sual verirdilər ki, bu qədər təlaş nədəndir, NATO-ya üzvlük ərizəsinə görə Rusiyadan İsveçə nə kimi təhlükə ola bilər?
Sual bir neçə yüzillik dövrü əhatə etdiyinə görə ayrıca yazı yazmağa ehtiyac duydum.
Yox, tarixin çox da dərinliyinə baş vurmaq istəmirəm. Məsələn, isveçlilərin 1709-cu ildə Poltava döyüşündə ruslara məğlub olmasından, I Pyotra uduzan XII Karlın qaçıb Osmanlıya pənah aparmasından yazmıram. Amma yeridir, mövzudan çox da uzaqlaşmadan bir vacib nüansı gərək deyim.
Tarixi analiz edən ciddi fikir adamları qeyd edir ki, İsveçin Poltavadakı ağır məğlubiyyəti strateji baxımdan onun qələbəsi oldu. Yəni uduzan İsveç başqa ölkələrin torpaqlarından gözünü yığdı, ordusunu öz sərhədləri içərisinə çəkdi və milli dövlət quruculuğu işinə başladı. Bütün dünyaya nümunə olası indiki rifah cəmiyyəti yaradıldı.
Rusiya isə, əksinə, imperialist siyasətini davam etdirdi, tuta bildikcə çox torpaq tutdu, Mərkəzi Avropadan Yaponiyayacan ərazilər işğal elədi, xalqları əsarətə aldı. Nəinki o xalqlara göz verib işıq vermədi, heç öz xalqına da gün ağlamadı. Feodalizmi xatırladan bu günün Rusiyası əsrlərlə yürüdülən işğalçı siyasətin nəticəsidir.
*
İsveçin Baltik ləpələrinin döyəclədiyi cənub-şərq bölgəsində Karlskrona adlı şəhər var. Altı iləcən ailəmlə o şəhərdə yaşadım. Şəhər çoxsaylı adalar üzərində salınıb. Ölkənin hərbi dəniz donanmasının əhəmiyyətli hissəsi orada yerləşir. Soyuq müharibə illərində qapalı şəhər olub. Sovetin süqutundan sonra statusu dəyişib deyə yaşamaq istəyən hər kəsə qapısını açıb.
Bir gün şəhərin küçə afişalarının birində maraqlı poster gördüm. “Om ryssen kom” – “Əgər ruslar gəlsə” adlı ekskursiya elanı idi. Öyrəndim ki, sən demə, çox yerdə rastıma çıxan ağzı bağlı dəmir-beton qapılar yeraltı bunkerlərin imiş. Ekskursiyanın adı özündən də maraqlı gəldi, odur ki, uşaqlara da bilet aldım, getdik.
Şəhərdən kənardakı bunkerlərin birinə apardılar bizi. Gözünüzün qabağına dağın altında bir şəhərcik gətirin. Tibbi ləvazimatlarla, yatacaqlarla, yeməkxana (konservləşdirilmiş yeməklər), telefon qovşağı, radio, hətta kitabxana ilə təchiz olunan, minlərlə adamın yerləşə biləcəyi böyük sığınacaq.
Sonra bildim ki, yaşadığımız Trossö adasının altında da 6 min adamlıq sığınacaq varmış.
2016-cı ilin məlumatına görə, İsveçdə 7 milyon insanın yerləşə biləcəyi 65 min yeraltı sığınacaq olub (Finlandiyada isə 4 milyonluq insan üçün 40 min yeraltı sığınacaq tikilib). O vaxt ölkə əhalisinin sayı 9,5 milyon idi. Mövzunu müzakirə edən ekspertlər narahatlıqla sual verirdilər: qəfil müharibə başlasa, 2,5 milyon insanın taleyi necə olacaq?
1990-cı illərin əvvəlində bu sığınacaqların tikintisi dayandırılan zaman İsveçin əhalisi elə 7 milyon idi. Əhalinin sayı qədər sığınacaq yeri tikilibmiş.
İsveçdə sığınacaqları İkinci Dünya müharibəsindən sonra tikməyə başlayıblar. Proses SSRİ-nin süqutunadək davam edib.
İsveç müharibə başlayacağı təqdirdə əhalisinin böyük hissəsini yeraltı sığınacaqla təmin edə biləcək ölkələr sırasında dünya liderlərindəndir.
*
Qayıdım dostların sualına: Rusiyadan bu qədər ehtiyatın səbəbi nədir?
İsveç tarixi boyu əsasən iki ölkə ilə müharibə aparıb: Danimarka və Rusiya. Danimarka ilə məsələni çoxdan çürüdüblər, aralarından indi su da keçmir. Baltiklə Şimal dənizlərini birləşdirən, eyni zamanda bu iki ölkəni bir-birindən ayıran Öresund boğazını bu kontekstdə su deyə nəzərə almıram.
Rusiyanın qorxunc hənirtisini isə İsveç həmişə duyub.
Ötən il Qotland adasında idim. Belə deyirlər ki, Qotland kimindirsə, Baltik dənizinə də o nəzarət edir. Strateji baxımdan çox vacib yerdir. Adanın əsas şəhəri Visbini dolaşanda gözüm bir küçənin adına sataşdı – “Ryska gränd”, yəni “Rus dalanı”. Elə oradaca internetdən öyrəndim ki, XIX əsrin əvvəllərində Rusiya Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda, 5 min kilometr uzaqda da müharibə edirmiş – İsveçin Baltik dənizindəki ən strateji adasını da tutubmuş. Hadisə 1809-cu ildə olub.
Karlskrona şəhərindəki Hərbi Dəniz muzeyində olanda da xəbər tutmuşdum ki, sən demə, 1981-ci ildə SSRİ-nin bir sualtı qayığı Karlskrona sularında qayaya çırpılaraq qəzaya uğrayıbmış. Nə iti azıbmış? Ölkə əhli atom silahı ola bilər deyə bərk qorxuya düşübmüş.
Onlarca belə hadisə olub. Rusiya dəfələrlə İsveçin hava və su sərhədini pozub. Yiyəsiz bostan kimi istədiyi vaxt girib. Amma bütün bunlar İsveçi öz təhlükəsizliyinə qarant axtarmağa məcbur etməyib. Ta bu ilin 24 fevralınacan. Rusiyanın Ukraynaya qoşun yeritməsinəcən. Onun NATO-ya üzv olmaq istəyinin səbəbi hazırkı reallıqdır.
*
Hələ 2016-cı ildə Karlskrona bunkerlərinə ekskursiyaya “Əgər ruslar gəlsə” adının verilməsi bu ölkədə Rusiya qorxusunun həmişə diri olduğunun göstəricisiydi. Poltava məğlubiyyəti İsveç xalqının ictimai şüurunda qalmayıb, amma genetik yaddaşda durur.
Soyuq müharibə dövründə belə neytrallığını qorumuş Finlandiyanı, İsveçi NATO-ya qoşulmağa vadar edən Putinin Ukraynanı işğal eləmək istəyi oldu.
Öz slavyan qardaşı ilə o cür vəhşicəsinə davranırsa, deməli, Putin Rusiyası hər kəsə potensial düşməndir.
Düşməndən qorunmağın yolunu isə hərə bir cür seçir.