SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Yardımlı rayonunda baş tutub.
Teleqraf.com Birliyə istinadən xəbər verir ki, aksiyada ümumilikdə 16 sakin iştirak edib. Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşlara bu aksiyanın mahiyyəti ilə yanaşı, ölkə üzrə hazırda qazlaşma prosesi ilə bağlı məlumat verib.
Yardımlı rayonu, Şəfəqli kənd sakini, şəhid qardaşı Fikrət Məmmədov belə bir aksiyanın təşkil edilməsinə görə SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür edərək hazırda Şəfəqli kəndində qazlaşdırma işlərinin aparıldığını bildirib.
Vətəndaşlar qarşıdan gələn payız-qış mövsümündə təbii qazdan istifadə edə bilmələri üçün işlərin daha da sürətləndirilməsini xahiş ediblər.
Sırıq kənd sakini Zaur İsgəndərov öz müraciətində yaşadığı kəndin qazlaşdırılmasını, həm də Birlikdə müvafiq işlə təmin edilməsini xahiş edib. Dəlləkli kənd sakini Eldar Ziyadov çıxış edərək sözügedən kənddə qazlaşdırma işlərinin başa çatdırıldığını bildirərək Birliyin rəhbərliyinə təşəkkür edib.
Bütün qaldırılan məsələlərlə bağlı Lənkəran RQİİ-nin rəhbərliyi vətəndaşlara ətraflı məlumat verib.