26 Avqust 2022 10:20
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az saytına müsahibəsini təqdim edir:

- Qüdrət bəy, son vaxtlar internet tv-lərdə, sosial şəbəkələrdə ünvanınıza əsassız, bəzən yumşaq desək, etik çərçivəni aşan ittihamlar səsləndirilir. Bu barədə nəsə demək istərdinizmi?

- Belələri arasında heç bir sanballı, vicdanlı və intellekt sahibinə rast gəlməmişəm. Mən həmin rəzil adamları istifadə edənlərə acıyıram. Gör kimlərin ümidinə qalıblar. İqtidarın maliyyələşdirdiyi kanallarda iqtidarın vətənpərvərliyindən danışıb məni rusiyayönümlülükdə ittiham edənlərə və onları öyrədənlərə deyirəm ki, nə 10 noyabr, nə də 22 fevral sazişini mən imzalamışam. Siyasət mümkün olanı əldə etmək bacarığıdır. İlham Əliyev həmin sazişləri imzalamaqla mümkün olan maksimuma nail olub. Bu gün nail ola bilmədiklərimizə sabah nail olacağıq. Sadəcə səbrlə növbəti əlverişli geosiyasi vəziyyətin yaranmasını gözləməliyik. Məhz bu səbəbdən, mən həmin sazişlərin imzalanmasını doğru, iqtidarın Rusiyaya münasibətdə yürütdüyü dostluq və müttəfiqlik siyasətini, ictimai rəyin bunu birmənalı qəbul etmədiyini bilsəm də, milli maraqlara uyğun hesab etmişəm. İqtidarın internet tv-lərindən məni ittiham edənlərin kişiliyi və cəsarəti varsa sözünü iqtidara desin. Biz Rusiyaya münasibətdə yürüdülən düzgün siyasətin, Prezidentlərin bir-birinə olan güvəninin hesabına işğal altındakı torpaqlarımızın 80%-ni işğaldan azad etdik. Vay bunu qanmayanların halına.

Sosial şəbəkələrdə mənə böhtan atanlara səslənirəm, şəhid ailələrinin, qazilərin, sadə insanların sosial müdafiəsinin gücləndirilməsini, onlara diqqətin artırılmasını hökumətdən tələb edən, iqtisadi, sosial və hüquqi islahatların aparılmasının zəruriliyindən danışan və bu istiqamətdə ən çox təkliflər verən deputat və siyasətçilərdən biriyəm. Ola bilsin sizi böhtana sövq edənləri əslində narahat edən həm də budur. Qoy vicdanı olanlar mənim fəaliyyətimi araşdırsın, sonra danışsın. İntriqanlara isə deyirəm ki, sizlər iqtidarı səviyyəli dəstəkləmək baxımından yararsız olduğunuzu bilirsiniz və bu işi daha yaxşı görənlər sizdə qıcıq doğurur, ona görə özünüz kimiləri digərlərinin üzərinə qısqırtmaqla onları nüfuzdan salacağınızı düşünürsünüz. Əslində isə iqtidarın siyasətinə qarşı çıxıb onu gözdən salırsınız. İqtidarın Rusiya siyasətini bəyənmirsinizsə istefa verin, gedin qoşulun iqtidardan qovulub müxalifətçilik edənlərə. Öz səviyyənizdə olanların yanına gedin. Xalq hərəkatının üzə çıxardığı gerizəkalı tör-töküntülərdən, yaxud uğursuz, bir tikə çörəyə möhtac yazıq adamlardan başqalarına qarşı istifadə etməyə çalışmayın.

- Yeri gəlmişkən, iqtidarın işdən qovduğu nazirlər, səfirlər, müşavirin müşavirləri, yaxud iqtidarın deputat və ya yenidən deputat seçilməsinə dəstək vermədiyi adamlar, hökumətlə əməkdaşlıq etmiş, amma sürüşkənliklərinə görə rədd edilmiş partiya sədrləri, “siyasi fəallar”, jurnalistlər sanki yarışırmışlar kimi radikallıqları ilə fərqlənməyə, özlərini əsl müxalifət və bu iqtidarın real alternativi kimi təqdim etməyə çalışırlar. Onlar nə qədər perspektivli işlə məşğuldurlar?

- Bilirsiniz, qeyd etdiyiniz vəzifədə olmuş adamların heç biri aparılan siyasətə etiraz edib istefa verməyiblər, işdən qovulandan, yaxud deputat seçilməyəndən sonra müxalifətçilik etməyə başlayıblar. Onlar vəzifədə olanda bu iqtidarı öyüb, bu gün onların danışdıqları problemləri qaldıranları isə aşağılayıblar. Müxalifətçiliyə də işdən qovulandan dərhal sonra başlamayıblar. Hansısa möcüzənin baş verəcəyini və onlara münasibətin dəyişəcəyini xeyli gözləyiblər, bu istiqamətdə çalışıblar, amma ümidləri üzüləndən sonra başlayıblar müxalifətçiliyə. Bəzilərinin “müxalifətçiliyi”, “vicdanlılığı” isə ayrı-ayrı nazirlərin üzərinə qısqırdılmaqda ehtiva olunur. Onların “mübarizəsi” əqidə, dünyagörüş, ali dəyərlər, qanunların aliliyi uğrunda savaş, vətənpərvərlik davası deyil. Onlar vətənpərvərlik, insan haqları, demokratiya, hüquqi dövlət şüarları altında hakimiyyət uğrunda vuruşurlar, bəziləri sifariş yerinə yetirir.

Bu vəzifə hərisləri istəklərinə çatmaq üçün şeytanla da əməkdaşlığa hazırdılar. Sadə insanlar siyasi baxımdan fəal olmasa da əslində nə baş verdiyini, həmin adamların əsl simasının nə olduğunu və onların nə istədiyini yaxşı başa düşür. Onların həllini gözləyən bəzi problemlərdən danışması, rəqiblərini və onlar kimi düşünməyənləri təhqir etmələri onların kimliyini və xalqın onlara olan münasibətini dəyişmir. Ona görə həmin adamlar heç vaxt xalqdan ciddi dəstək ala və bu iqtidarın real alternativinə çevrilə bilməz. Onların ümid bəslədiyi və siyasi dəstək gözlədikləri Qərb və müxtəlif xarici dairələr də bu adamların kimliyini və hakimiyyətə gələrlərsə, Azərbaycanı necə zəlil edəcəklərini də bilirlər və hərə öz marağına uyğun onlardan istifadə edir. Həm də nə xalqımızın böyük çoxluğu, nə də dövlətimiz 30 il bundan öncəki durumda deyil. Onlar gərək bunu nəzərə alsınlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər