AQTA-dan xəbərdarlıq: "Baytarlıq nəzarətindən keçməyən ət insan həyatı üçün təhlükə yaradır"
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamına uyğun olaraq, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyi və rayon icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi reydlər keçirir.
Teleqraf.com xəbər verir ki, AQTA-dan verilən məlumata görə, reydlər zamanı nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub.
Təqdim olunan ət nümunələrindən 241-də uyğunsuzluq aşkarlanıb. Nümunələrdə E.coli, Salmonella, Streptokokk, bağırsaq çöpü qrupu bakteriyaları (BÇQB) və anaerob bakteriyaları müəyyən edilib. Həmçinin aparılan müayinələr zamanı istehlakçılara mal və dana əti kimi təqdim olunan bəzi ət və ət məhsullarında at ətinin DNT-si aşkarlanıb.
Qeyd edək ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa Birliyi ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür.
Ən təhlükəli zoonoz xəstəlikləridən biri olan Qarayara bir çox kənd təsərrüfatı və vəhşi heyvan növlərinin və insanların təhlükəli, iti septiki xəstəliyi olub, septisemiya, dərinin, bağırsaqların, ağ ciyərin, limfa vəzilərinin zədələnməsi və xəstələnmiş heyvanların ölməsi ilə səciyyəvidir. Xəstəliyə bütün növlərə aid kənd təsərrüfatı heyvanları, həmçinin bir sıra ov heyvanları həssasdırlar. Kolibakterioz xəstəliyi isə bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda, həmçinin quşlarda septiki, enterotoksiki və ya enterit formalarda özünü göstərən zoonoz xəstəlikdir. Təhlükəli qida infeksiyalarının törədicilərindən olan Salmonella qida zəhərlənmələrinin əsas törədicilərindən sayılır və heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.
AQTA bir daha bəyan edir ki, ölkədə qanuni şəkildə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlak olunması tövsiyə edilmir.