Təəssüf ki, bir sıra hallarda zamanında qəbul edilməyən qərarlar və bu barədə vaxtında verilməyən məlumatlar sonradan ajiotajın yaranmasına gətirib çıxarır. Məktəbli forması ilə bağlı analoji vəziyyət yaranıb, formaları dəyişmək fikrimiz varıydısa, buna hazır olmalıydıq. Ona görə də, bu gün xoşagəlməz və acınacaqlı bir vəziyyət yaranıb. Valideynlər saatlarla Bakı Tikiş Evi və digər məktəbli forması satışının təşkil edildiyi ünvanlarda gözləməli olur. Niyə vətəndaşlarımız belə əziyyəti çəkməlidir?
Bu sözləri Teleqraf.com-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
O hesab edir ki, məktəbli formasının tikişini həyata keçirən müəssisəyə neçə şagird üçün forma lazım olduğu barədə sifariş öncədən bildirilməli idi: “Məhz belə olan halda tədris ili başlayana qədər məktəbli formasını tikib paylamaq olardı. Üç gün sonra ölkədə yeni tədris ili başlayır. Amma hələ də məktəbli forması ilə bağlı ajiotaj yaşanır. Valideynlər narahatdır. Bu nəyə lazım idi? Sözsüz ki, bu suallara aydınlıq gətirilməlidir”.
Komitə üzv qeyd edib ki, mərkəzi icra hakimiyyəti məktəbli formasının dəyişməsi ilə bağlı qərar qəbul edib: “Amma bu qərarı da bir az əvvəldən etmək olardı. Bu barədə də işi icra edən təşkilata mütləq məlumat verilməlidir. Belə olan halda indiki xoşagəlməz vəziyyət yaranmazdı. Ona görə də, bu gün yaşanan halın kökündə müəyyən mənada qərarların gec qəbul edilməsi, açıqlanması, eləcə də icraçıya vaxtında məlumat verilməməsi dayanır. Fürsətdən istifadə edib valideynlərə də tövsiyə edirəm ki, səbrli olsunlar. Elm və Təhsil Nazirliyinin də müəyyən yanaşması var ki, məktəbli forması ilə bağlı bir müddət güzəşt tətbiq olunacaq. Ona görə də, təmkinlə prosesi yola vermək lazımdır”.
Deputat onu da əlavə edib ki, bu işdə icraçı olanlar da işlərini buna uyğun qurmalıdır: “Əgər vaxtında edə bilməyəcəkdisə, onlar bu məsuliyyəti qəbul etməməliydi. Bunu üzərinə götürüb vaxtında icra etməmək sonradan məhz valdeynlərin əziyyət çəkməsi ilə nəticələnir. Eyni zamanda bu işlər koordinasiyalı formada həyata keçirilməlidir”.
Ceyhun Məmmədov vahid məktəbli forması və onun tətbiqi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Bunun olması vacibdir. Bu, bizə nə verir sualına da cavab var. Məktəbli forması məktəblərdə ayrıseçkiliyin qarşısını alır. Bir şagirdin daha bahalı, birinin isə daha ucuz geyinməsinə son qoyulur. Sosial təbəqələr arasındakı fərqlər aradan qaldırılır. Eyni zamanda şagirdlərə nizam-intizamın indidən aşılanması üçün də bu, vacib bir amildir. Bu baxımdan məktəbli formasının tətbiqi zəruridir. Amma məktəbli forması elə qaydada düşünülməlidir ki, bunu iki-üç ildən sonra yenidən dəyişmək olmasın. Qiymətlər də münasiib olmalıdır. Vaxtında bu formaların çatdırılması başlıca şərtdir. Dünyanın müxtəlif ölkələrində məktəbli forması mövcuddur və geniş tətbiq edilir. Azərbaycanda bu, uğurla tətbiq olunur. Sadəcə olaraq təşkilatçılığın düzgün olmaması, işin düzgün qurulmaması, planlaşdırılmaması yekunda bizi bu cür problemlərlə üz-üzə qoyur”.