26 Sentyabr 2022 18:04
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid İbad Hüseynov ifadə verib. O, vaxtilə Əmək və Əhalinin Müdafiəsi Nazirliyində işləyib.

Sonradan nazirliyin təşkil etdiyi Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən evlərin tenderində iştirak edib:

"Natiq Əzizov nazirlik tərəfindən aparılan tikintilərə rəhbərlik edib. Əvvəl "Tala" MMC təsis etmişdim. Sonradan isə "Tala 1" və "Tala 2" MMC-ləri təsis etdim. Tenderlərdə iştirak etdim, Qazax rayonunda Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulan evlərin tikintisini icra etdim".

Şahid deyib ki, sonradan devalvasiya baş verib, bu səbəbdən maliyyə problemləri olub. Onun sözlərinə görə, Qazax rayonunda birinci mərhələdə cəmi 6 ev tikib: "Hər ev üçün əlavə olaraq 6 min manat nazirliyin tikinti idarəsində verirdim. 2014-2016-cı illərdə nazirliyin tikinti idarəsinin rəisi Natiq Əzizova ümumilikdə 36 min manat verdim. Ümumilikdə 1-ci və 2-ci rhələdə ümumilikdə 22 ev tikərək təhvil vermişəm".

İbad Hüseynov bildirib ki, hər üç şirkəti öz adına olsa da, sonradan birini həyat yoldaşı Nigarın adına keçirib: "Buna səbəb tenderlərdə iştirak etmək üçün idi. Nazirlikdən dedilər ki, şirkətlər ayrı-ayrı adamların adına olsun. Şirkət yoldaşımın adına olsa da, faktiki olaraq icraçı mən olmuşam".

Prokurorun suallarını cavablandıran şahid deyib ki, birinci mərhələdə hər.evin dəyəri 51 min manat olub, devalvasiyadan sonra isə hər evin dəyəri 61 min 800 manat olub: "İkinci mərhələdə devalvasiya olmuşdu, qiymətlər bahalaşmışdı. Buna baxmayaraq biz işləri görərək təhvil verdik".

İbad Hüseynov deyib ki, bu işlərin görülməsində bir neçə nəfərlə iştirak edib. Onun sözlərinə görə, devalvasiyadan sonra işləri görməkdə çətinlik çəkiblər: "Hətta buna görə bir nəfər intihar etdi, bir nəfər öldü. Natiq Əzizov mənə dedi ki, narahat olma, əlavə işlər veriləcək. Kompensasiya olunacaq. Sonra bir təhər vəziyyətdən çıxdıq".

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Tərlan Qurbanov ifadə verib.

Onun sözlərinə görə, "Rəşad" MMC ilə müqavilə bağlayıb və dərmanlar alıblar: "Nazirlikdən Ülviyyə Məmmədova məni çağırdı. Dedi ki, yuxarıdan tapşırıblar, müqavilədə yazılan vəsaitin bir hissəsi nazirliyə çatmalıdır. Buna görə də mən müqavilədə yazılan məbləğin bir hissəsini Ülviyyə Məmmədovaya verdim".

Daha sonra şahid qismində İlqar Mustafayev, Hafiz Məmmədov, Aytən Cavadova, Ayşən Məmmədova, Bəylər Musayev, Zaur Novruzov ifadə veriblər. Şahidlər ifadələrində göstəriblər ki, onların adlarına nazirliyin işçiləri tərəfindən MMC-lər yaradılıb və həmin MMC-lərin tenderlərdə iştirak etmələrindən İstintaq dövründə xəbər tutublar. Şahidlər deyiblər ki, bu işlərə görə onlara heç bir vəsait çatmayıb.

Bundan sonra şahid qismində Pərviz Qarayev ifadə verib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsarrüfat işləri şöbəsinin müdiri işləyib. Pərviz Qarayev ifadəsində əvvəllər bizneslə məşğul olduğunu, dövlət qulluğunda işləmədiyini, 2014-cü ildən isə sözügedən nazirlikdə şöbə müdiri vəzifəsinə təyin edildiyini deyib.

Şahid deyib ki, Natiq Əzizovun tələbə yoldaşı olub. O deyib ki, adına 17 şirkət açıb. Həmin şirkətlər tenderlərdə iştirak etmək üçün özünün və yaxınlarının adına təsis olunub: "Mənim firmalarla birbaşa əlaqəm olmayıb. Gördüyüm işlərə görə nazirliyin özünün mənə borcu olub.181 manat bu gün də ödənilməyib".

Pərviz Qarayev qeyd edib ki, şəhid ailələri və Qarabağ əlilləri üçün Tərtər rayonunda 5, Göyçay rayonunda 5, Ağdaş rayonunda 19, Ucar rayonunda isə 3 evin tikintisini həyata keçirib.

Növbəti proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər