Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin İtalyan dili üzrə müəllimi Kəmalə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ötən ay Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliya prezidenti Sergio Matarellanın tərcüməçisi qismində bu ölkəyə dəvət olundunuz. İtaliya hökuməti ilə davamlı, yoxsa ilk dəfə əməkdaşlıq edirsiniz?
- Bu, İtaliya hökuməti tərəfindən ilk dəvət deyildi. İtaliya prezidentinin Azərbaycana səfəri zamanı onu, eləcə də qızını tərcüməçi kimi müşayiət etmişəm. Birinci vitse-prezident Mehriban Əliyevanın 4 il öncə İtaliyaya rəsmi səfəri zamanı İtaliya pezidenti Sergio Matarellanın, İtaliya Senatının sədri xanım Elizabetta Kazellatinin Bakıya rəsmi səfəri zamanı rəsmi tərcüməçisi olmuşam.
Daha sonra cənab prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfər edəndə birinci xanımları tərcüməçisi qismində müşayiət etmişəm. Dəfələrlə İtaliya Senatı, İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələrinin tərcüməçisi olmuşam.
2008-ci ildən etibarən Milli Məclislə əməkdaşlıq edirəm. İtaliyadan Azərbaycana, Azərbaycandan İtaliyaya rəsmi səfər edən nümayəndə heyətlərini tərcümə edirəm. Avropa Şurası və digər beynəlxalq təşkilatların təşkil etdiyi layihələrdə də tərcüməçi kimi iştirak edirəm.
- Bəs dəvət necə baş tutur, artıq uzun illərdir əməkdaşlıq edirsinizsiniz deyə birbaşa şəxsən özünüzə müraciət olunur?
- Bəli, dəvət birbaşa olur. Senat, yaxud İtaliya Prezident Administrasiyası tədbirlər zamanı şəxsən özümə müraciət edir.
- Dövlət rəhbərinin tərcüməçisisiniz, təəssüratlarınızı bilmək istərdik...
- Əslində tərcümə işindən məlumatı olmayan insanlar elə düşünürlər ki, tərcüməçinin işi çox asandır, bunun üçün dili bilmək kifayətdir və orada yalnız səslənən fikirləri tərcümə edirsən. Halbuki tərcüməçinin yükü kifayət qədər ağırdır. Çünki deyilən fikirləri səlis, anlaşıqlı ifadə etməliyik və bu zaman heç bir səhvə yol vermək olmaz. Xüsusilə də ictimai-siyasi tərcümələrdə tərcüməçinin bildirdiyi hər bir fikir dövlətin ötürdüyü mesajdır. Yanlış fikir çox böyük problemlərə səbəb ola bilər.
Bunun məsuliyyətini başa düşdüyümdən tərcüməyə gedərkən həyəcan qaçılmazdır. Lakin həyəcanla yanaşı məsuliyyət hissi insanı toparlanmağa, bütün bilik və qüvvəsini sərf edərək fikirləri doğru çatdırmağa sövq edir.
- Tərcümə zamanı həyacanınızı necə dəf edirsiniz? Yaxın günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistandakı brifinqdə xoşagəlməz hal yaşandı...
- Bəli, həmin videoya mən də baxmışam. Prezidentlər və parlament səviyyəsində tərcümə zamanı xüsusi protokol qaydaları var. Düşünürəm ki, o səviyyəyə çatan tərcüməçi protokol qaydalarından məlumatlı olmalıdır. Tərcüməçi geyimdən tutmuş, özünü təqdim etməsi, harada dayanmalı olduğu və sair kimi qaydalara diqqət etməlidir. Bu kimi vərdişlər zamanla və təcrübə ilə formalaşır.
Əsas məqamlardan biri tərcümə zamanı həyacanını dəf edib diqqəti tam şəkildə danışılan mövzuya yönəltməlisən. Düşünürəm ki, bu baxımdan soyuqqanlı olmağım tərcümədə mənə çox kömək edir. Prosesə başlayana qədər məsuliyyətdən doğan həyəcan insanı daha çox müşayiət edir, nəinki proses zamanı... Çünki prosesin içində bütün diqqət tərcüməyə yönəlir.
Pelosinin brifinqində tərcüməçisinə gəldikdə isə, xanım çox həyəcan yaşadı. Həmin çıxışa baxdım və əslində çox da mürəkkəb cümlələrin səslənmədiyi o çıxışda, erməni tərcüməçinin o cür davranması protokol qaydalarını bilməməsindən və həyəcanına əsir düşməsindən irəli gəlir.
Dünya mətbuatının diqqətinin həmin görüşdə olduğunu bilərək onun o cür davranması qeyri-peşəkarlıq idi. Tərcümə başlayanda həyəcanı unutmaq lazımdır.
- Ümumiyyətlə, tərcümə zamanı çətinlik yaşamısınız? Olubmu hansısa bir sözü unudasınız?..
- Xeyr, rəsmi tərcümə zamanı çətinlik yaşadığımı xatırlamıram. Zənnimcə, bu sənət çeviklik tələb edir. Məsələn, tərcümə prosesində hər hansı frazeoloji birləşmənin ekvivalentini həmin an xatırlamasam, o zaman onun izahını verməyə çalışıram.
Amma gülməli bir hal ilə rastlaşmışam. Nahar yeməyi zamanı azərbaycanlı nümayəndə rəvan danışaraq, intonasiya və mimikasını dəyişmədən danışır, mən isə ardıcıl tərcümə edirəm. Beləcə "İndi bir söz deyəcəm, amma siz onu hələ tərcümə etməyin" deyə fikrini də eyni ahəngdə söyləyərək davam etdi. Mən də onun fikrinin axarına düşüb bu cümləni də tərcümə etdim.
Əslində, onun məqsədi qarşı tərəfə yumor bəxş etmək olsa da, yaranan anlaşılmazlıq nəticəsində bu alındı, lakin bir qədər fərqli tərzdə.
- Rəsmi səfərlər çərçivəsində prezidentlərlə tərcümədən öncə, yaxud da sonra dialoq olub?
- Prezidentlər səviyyəsində görüş zamanı adətən öncədən dialoq olmur, salamlaşma olur. Azərbaycan prezidentinin İtaliyaya son rəsmi səfərində də elə idi. Prezidentlərin gəlişi zamanı tərcüməçilər onlara yaxınlaşır. Sonda isə təşəkkür edir, sağollaşırlar.
- Azərbaycan Prezidenti sizi tanıyırmı?
- Cənab prezidentin möhkəm hafizəsinin olduğunu nəzərə alsaq xatırladığını düşünürəm. Lakin onu da deməliyəm ki, sözü ilə yadda qalır. Tərcüməçinin görüşlərdə görünməsi önəmli deyil, amma çatdırdığı mesaj çox əhəmiyyətlidir. O bir növ havaya bənzəyir, görünmür, amma önəmlidir.
- Sizin ad-soyadınızı soruşub?
- Xeyr, çünki rəsmi görüşlər protokol qaydalarına əsasən zamanla tənzimləndiyinə görə orada əlavə dialoqlara yer qalmır.
- Tərcümə işinin qonorarı sizi qane edirmi?
- Qonorar ümumi tariflər əsasında hesablanır. Elə bir xüsusi qonorarım yoxdur. Əlbəttə, peşəkar tərcüməçiylə, bu sahəyə yeni gələn tərcüməçilərin qonorarı arasında müəyyən fərq var. Lakin bu rəqəmlər bəzilərinin düşündüyü kimi astronomik deyil.
- Yeni ixtisas idi, niyə məhz italyan dilini seçdiniz?
- Əslində, əsas istəyim Beynəlxalq münasibətlər ixtisası idi, həmin dövrdə ailə üzvlərimin məsləhəti ilə tərcüməçilik ixtisasını seçmişdim. Beləliklə, bu sahəyə yönəldim. İlk günlərdə ixtisasıma istəyim olmasa da, bir müddət sonra bu dilə, ölkəyə qarşı sevgim artdı. İtalyan dilini öyrəndiyimə görə özümü çox xoşbəxt hiss edirəm. Çünki həm sevdiyim beynəlxalq münasibətlər mühitindəyəm, həm də tərcüməçi kimi fəaliyyət göstərirəm.
Daha sonra təhsilimi ADU-nun magistartura pilləsində davam etdirməyə qərar verdim və qəbuldan sonra İtaliya Xarici İşlər Nazirliyinin keçirdiyi müsabiqədə təqaüd qazandım. İtaliyanın Əcnəbilər üçün Peruca və Sieana Universitetlərində dil və mədəniyyət kursları keçdim. Sonra həmin universitetlərdə müəllimlərin təkmilləşmə kurslarına qatıldım. Milanda tərcüməçilər məktəbində kurslar keçdim. Universiteti bitirdikdən sonra Dillər Universitetində italyan dilini tədris etməyə başladım.
İtalyan dilini tədris etdiyim dövrdə də mütəmadi olaraq tərcüməçi kimi fəaliyyət göstərmiş, qeyd etdiyim qurumlar, eləcə də UNICEF, Avropa Şurasıyla əməkdaşlıq etmişəm. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin Ali Hərbi Akademiyasında zabitlərimizə italyan dilini tədris edirəm. Bir çox layihələrdə iştirak edirəm və bundan əlavə hazırda doktorantura pilləsində təhsil alıram. Bununla yanaşı Azərbaycan-italyan onlayn lüğətin həmmüəllifiyəm.
Çünki hazırda ölkəmizdə italyan-Azərbaycan dilində lüğət azdır. Texnologiyanın inkişafını və tələbatı nəzərə alaraq, belə bir layihənin reallaşmasının italyan dili sevənlər üçün səmərəli olduğuna ümid edirəm.
- Tərcüməçinin işini havaya bənzətdiniz. "Tərcümə – qadın kimidir: doğrudursa gözəl deyil, gözəldirsə doğru deyil" klişesi ilə razılaşırsınız?
- Ümumiyyətlə, bir dili tərcümə etmək üçün onu hiss etməlisən. Bunun üçün həmin ölkənin dili, mədəniyyəti, musiqisi, adət-ənənələrini tanıyıb, əxz etməliyik. Tərcümə mənim fikrimcə, mənaya sadiq qalıb, anlaşıqlı və səlis çatdırıldığı zaman gözəldir.
- Bəs, siz tərcüməyə qısaca necə tərif verərdiniz?
- Düşünürəm ki, tərcümə mədəniyyətlərası açardır. Əgər mədəniyyətə giriş ilk olaraq dildən keçirsə, deməli, qapını açmaq üçün açar tərcümədir.
- İtalyan dili ixtisası üzrə məzun olan şəxslər üçün iş imkanları necədir?
- Çox önəmli bir məsələyə toxundunuz. 2001-ci ildən ADU italyan ixtisası üzrə məzun yetişdirir. Bu gün İtaliya ilə Azərbaycan arasında siyasi-iqtisadi, ticari əlaqələri çox yüksək səviyyədədə olmasına baxmayaraq, əsas işlək dil ingilis dilidir. Yəni bu gün italyan dili bilən mütəxəssislərin heç də hamısı öz ixtisası üzrə fəaliyyət göstərmir. Lakin yaxşı mütəxəssisin bu sahədə işsiz qalmayacağı fikrini də istisna etmirəm.
- Maraqlıdır, Qərbdə tərcüməçi peşəsinə yanaşma necədir?
- Bəzi həmkarlarımla birlikdə biz Erasmus layihəsi çərçivəsində Milanın Ali Tərcümə məktəbində olduq. Hətta maraqlı təcrübələrə əsaslanıb, Azərbaycanda da Tərcümə Fakültəsində də bəzi islahatları tətbiq etməyi təklif etmişdik. Deməli, Avropa Universitetlərində tərcüməyə daxil olan tələbə, B2 səviyyəli dil bilikləri ilə qəbul edilir. Həmin şəxsin dinləməsi, anlaması, yazı qabiliyyəti və bu kimi meyarları da diqqətə alırlar və bu yolla müxtəlif istiqamətlər üzrə peşəkar tərcüməçilər yetişdirirlər.
Ümumiyyətlə, istənilən təhsil sistemində tərcüməçinin dil qüsuru olmamalı, səlis danışmalı, fikrini dəqiq çatdıra bilməsi vacib şərtlərdəndir. Bizdə də bu kimi islahatlar uğurlu nəticələr verə bilər.
- Sizi İtaliya mədəniyyətində daha çox nə cəlb edir? Adətən, azərbaycanlılar ilə italyanların oxşar olduğunu qeyd edirlər...
- İtalyanlarla azərbaycanlıların oxşar xüsusiyyətləri var, amma bu bənzərliyi bütün İtaliya üçün aid etməzdim. İtalyanlar da bizim kimi çox emosional və qonaqpərvərdir. Xüsusiyyətlərimiz bir-birinə çox bənzəyir.Məni italyanlarda cəlb edən ən mühüm xüsusiyyət onların kreativliyidir. Bir italyan memarın təəbirincə desək, “əgər digər xalqlarda uşaq dil açanda ilk "ana" deyirsə, bizdə bu söz "gözəllikdir".
- Son olaraq nə demək istərdiniz?
- İtaliya Deputatlar Palatasının və İtaliya Senatının üzvləri ilə birlikdə işğaldan azad edilən torpaqlarımızda ilk dəfə tərcüməçi kimi iştirak edə bilmək mənim üçün fəaliyyətimdə yaddaqalan və çox qürurverici məqamdır. Səfərimiz Ağdama və işğaldan azad edilən digər ərazilərimizə idi.
Sonda onu da qeyd etmək istərdim ki, bu gün tələbələr ixtisas seçimi edərkən zamanın çağırışlarına cavab verən ixtisaları seçməli, seçdikləri peşədə qətiyyətli və yenilikçi olmalıdırlar.
Bu baxımdan Tərcümə fakültəsində belə potensiallı gənclərin yetişəcəyinə ümidlə baxır və ölkəmizə faydalı mütəxəssislər kimi yetişəcəklərinə inanıram. İnsan iradəsi və əzmi ilə tutduğu yolda ucalır.