“Cinayət Məcəlləsinə təklif edilən yeni dəyişikliyə əsasən hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış kimi hesab edilməsi çox aydın şəkildə görünür”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər mövzusunda çıxış edərkən deyib.
Deputat qeyd edib ki, fiziki şəxslərə münasibətdə də belə müddəa var:
“Ombudsmanla bağlı qanuna da dəyişiklik edəcəyik. Bildirilib ki, əvvəllər məhkumluğu olmuş şəxs namizəd ola bilməz. Yəni dövlət vətəndaşa müəyyən müddətdən sonra məhkum olunmamış sayılması üçün hüquq verir, amma qanunlarda bunu nəzərə almırıq”.
Həsənquliyev xatırladıb ki, bu müddəa “Media haqqında” qanuna da daxil edilib: “Əvvəllər məhkumluğu olan şəxsləri heç bir vəzifəyə getməyə qoymamaqla bağlı bu müddəalar bizim qanunlarımıza ziddir”.
Spiker Sahibə Qafarova isə deputatın qaldırdığı məsələyə aidiyyəti komitənin diqqət etməsini vacib sayıb.