“Humanitar Tədqiqatlar” İctimai Birliyi Qazax rayonunda məlumatlandırma sessiyası keçirib.
Teleqraf.com xəbər verir ki, “Cəbhəyanı regionda məişət zorakılığının azaldılmasına dəstək tədbirlərinin təşkili” layihəsi çərçivəsində Qazax Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirə 34 nəfər Qazax rayon sakini qatılıb.
Tədbirdə çıxış edən “Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədova layihənin məqsədi ilə bağlı məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihənin məqsədi cəbhəyanı regionda məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı maarifləndirmə işi aparılması, qadınların hüquqi biliklərinin artırılması, ehtiyacı olanlara özünüməşğulluq imkanlarından yararlanmalarına dəstək verilməsi ilə məişət zorakılığının aradan qaldırılmasına yardım etməkdir. Son illər respublikamızda məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsinə baxmayaraq, bu halların qarşısını tam almaq mümkün olmayıb. Təcrübə göstərir ki, bu problemin qarşısını almaq üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirməyə də önəm verilməlidir. Bu tədbirdə də sizlərə məişət zorakılığından qorunmaq üçün qanunvericiliyin yaratdığı imkanlarla bağlı məlumat veriləcək”.
Daha sonra layihənin eksperti Rafiq Muradov məişət zorakılığından müdafiə mexanizmləri ilə bağlı iştirakçılara məlumat verib.
İştirakçılara “Məişət zorakılığının qarşısının alınması” haqqında Qanun, zorakılıqların qarşısını almaq üçün hüquqi sosial və qabaqlayıcı tədbirləri necə təşkil edilməsi, zorakılığa yol vermiş şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsi yolları və üsulları, zərərçəkmişlərin müvəqqəti sığınacaqla təmin edilməsi qaydaları haqqında məlumat verilib. Həmçinin, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunun verdiyi hüquqlar, qanunda nəzərdə tutulan müdafiə mexanizmləri iştirakçılara izah edilib. Qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi qeyd edilib. Qısamüddətli və uzunmüddətli mühafizə orderinin necə əldə edilməsi yolları vurğulanıb.
Həmçinin, məişət zorakılığına məruz qalanlar üçün yardım mərkəzləri, sığınacaqlar, zorakılığa məruz qalan şəxslərin hara və kimə müraciət edə bilmələri üçün mövcud qaynar xətlərlə bağlı iştirakçılar bilgiləndirilib.
Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.