Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birlikə Zəngilan beynəlxalq hava limanının açılışını etməsini xalqımız böyük qürurla müşahidə etdi. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işlərində, eləcə də digər məsələlərdə yanımızdadır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən spiker Sahibə Qafarova deyib.
Milli Məclis sədri bildirib ki, Azərbaycan və Türkiyə birgə səyləri ilə bölgəyə yeni məzmun gətirən layihələr həyata keçirir:
“Zəngilandan dünyaya verilən daha bir mesaj ondan ibarətdir ki, cənab prezidentin dediyi kimi, biz öz torpaqlarımıza qayıtmışıq və oraları cənnətə çevirəcəyik”.
Spiker əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə olduğu kimi bu dəfə də Füzulidə Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur layihəsinin əsasını qoyub:
“Bu, Böyük Qayıdışın yaxınlaşmasının addım səsidir. Bütün soydaşlarımızın yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil”.